Çində son vəziyyət: Polis etirazların qarşısını aldı

      Çində son vəziyyət:    Polis etirazların qarşısını aldı
  29 Noyabr 2022    Oxunub:651
Ötən həftə Çinin şimal-qərbindəki Sincan bölgəsinin paytaxtı Urumçidə baş verən ölümcül yanğın həftə sonu etirazçıların ölkənin müxtəlif şəhərlərində küçələrə axışması ilə nəticələndi.
Nümayişçilər düşünürlər ki, Covid məhdudiyyətləri yanğının qarşısını almağa və insanların xilas edilməsinə mane olub. Hökumət isə "gizli qüvvələri" yanğınla Covid tədbirlərini əlaqələndirməkdə ittiham edir.

Bazar ertəsi gecəsinə bir neçə böyük etiraz aksiyası planlaşdırılmışdı, lakin Pekin və Şanxay küçələrində yüzlərlə maşın və polis məmuru ilə hazır vəziyyətdə olan təhlükəsizlik qüvvələri buna imkan vermədi.

Nümayişçilər əllərində boş səhifə tutaraq ölkədəki senzura və qadağalara etiraz edir, mitinqlərdə "Başını çevirmə. Unutma" şüarını səsləndirirlər.

Məlumdur ki, Covid tədbirləri səbəbindən başlayan etirazların daha dərin siyasi və iqtisadi səbəbləri var.

Çində sərt məlumat nəzarəti və davam edən səyahət məhdudiyyətləri ölkə daxilində etirazçıların sayının dəqiqləşdirilməsini çətinləşdirir.

Mərkəzi hakimiyyətin müxalifəti sərt şəkildə sıxışdırmasına görə ölkədə böyük miqyaslı mitinqlər keçirilə bilmir. Ekspertlər hesab edir ki, Çində müxalifət qrupu son partlama həddindədir.

Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin hadisələri və iğtişaşları yaxından izlədiyi bildirilib. Çində aksiyaçılara həmrəylik etirazları bütün dünyada genişlənib. Xüsusilə də uyğur icmaları mitinqlərdə bir araya gəlib.






Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti