"Alma-Ata Bəyannaməsi imzalananda Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkib hissəsi olub"

  "Alma-Ata Bəyannaməsi imzalananda Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkib hissəsi olub"
  01 Dekabr 2022    Oxunub:2129
Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red) tərəfindən sənəd çərçivəsində təsdiq olunub.

Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil ”, o deyib.

Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu söyləyib: “Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı erməniləri Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlar bağlı zəmanət təqdim etməyə hazırdır ”.

Nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunu Fransa və ABŞ dəfn edib: “Qərb hərbi əməliyyat başlayandan sonra Paris və Vaşinqtonun dili ilə rəsmi bəyan edib ki, onlar Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bitdiyini elan ediblər.

Ona görə də, bizim erməni həmkarlarımız hərdən Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, sualı bizə yox, ABŞ-a və Fransaya verin. Əlbəttə ki, sual həm də Azərbaycanadır. Ona görə ki, Azərbaycanın iştirakı olmadan hansısa vasitəçilik missiyası mənasızdır. İndi amerikalılar, fransızlar, ümumilikdə Avropa İttifaqı özləri tərəfindən dəfn olunan Minsk Qrupunu hazırki vasitəçilik xidmətlərinə maneə olmaqla kompensasiya etməyə cəhd edir və Rusiyanın iştirakı ilə tərəflər arasında əldə olunan razılaşmaları özəlləşdirməyə çalışırlar.

Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasını keçirirlər. Azərbaycanlılar və ermənilər mədəni insanlardır. Onlar ora gedirlər. Amma mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar ”, - Lavrov deyib.

Lavrov onu da bildirib ki, hazırda Minsk Qrupunu heç kəs xatırlamır: “Hərdən Ermənistanda siyasi xadimlər xatırlayırlar. Minsk Qrupunu fransızlar və amerikalılar dəfn ediblər. Bizim burada heç bir günahımız yoxdur”.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti