Dünyanın hərbi mənzərəsi dəyişir - Tokioya “yaşıl işıq” yandırıldı

   Dünyanın hərbi mənzərəsi dəyişir -    Tokioya “yaşıl işıq” yandırıldı
  02 Dekabr 2022    Oxunub:1244
Yaponiya təhlükəsizlik siyasətinə yenidən baxır. Tokio beş il ərzində ölkənin müdafiə xərclərinə 290 milyard dollardan çox vəsait ayıracaq. Bu hesabla Yaponiya hökuməti hər il ümumi daxili məhsulun 2 faizdən çoxunu müdafiə və təhlükəsizlik sahəsinə xərcləyəcək.
Tokio eyni zamanda ölkənin raket arsenalını artırmağa hazırlaşır. Yaponiyanın baş naziri Fumio Kiside mütəxəssislərin hazırladığı hesabat əsasında 4 il ərzində ABŞ-dan yeni raketlər alacaq, mövcud olanları isə modernləşdirəcək.

Yaponiya rəhbərliyi hansı səbəbdən ölkənin təhlükəsizliyini gücləndirməyə və müdafiə xərclərini artırmağa qərar verib?

Məsələni AzVision.az – a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Yaponiya 3 istiqamətdən təhlükə gözləyir: Şimali Koreya, Çin və Rusiya. Tokionun bu 3 ölkə ilə münasibətlərində gərginlik mövcuddur. Şimali Koreyanın diktatoru dünyanı və qonşu ölkələri nüvə başlıqlı raketlərlə qorxudur, tez-tez sınaqlar həyata keçirir ki, həmin raketlər də Yaponiyanın sərhəd sularına yaxın ərazilərdən keçir. Çin hərbi arsenalını gücləndirir, okeanlara nüvə başlıqlı yeni hərbi gəmilər buraxır. Pekinin Tayvanı nəzarətə götürməsi istəyi də Tokionu narahat edir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Moskva-Tokio münasibətlərini gərginləşdirib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verib. Bundan başqa Kremlin Kuril adalarıyla bağlı sərt mövqeyi də Tokio ilə münasibətlərdə əlavə gərginlik yaradır.

- Yaponiyanın “Nikkei” qəzetinin yazdığına görə, Tokio əlində olan raketlərin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır. Bu raketləri təyyarə və hərbi gəmilərdən də düşmən hədəflərə yönəltmək mümkün olacaq. Hazırda mövcud raketlərin uçuş məsafəsi cəmi 100-200 kilometrdir və bu məsafə Yaponiyanın təhlükəsizliyinə cavab vermir.

Yaponiyanın bu planları başlıca olaraq Çinin xoşuna gəlməyəcək. Ancaq Çinin özü uzaq məsafəli ballistik raketlərin istehsalını artırıb. Həmin raketlər Yaponiya sahillərini hədəf götürə bilər. Mövcud vəziyyət Çin-Yaponiya iqtisadi münasibətlərinə də mənfi təsir edəcək, - ekspert qeyd edib.

Elxan Şahinoğlu deyir ki, Yaponiyanın raket istehsalını artırmasını və modernləşdirməsini müttəfiqi Vaşinqton da dəstəkləyir. ABŞ İkinci Dünya müharibəsindən sonra məğlub olan Yaponiyanın yenidən güclü ordu yaratmasını qadağan etmişdi. ABŞ uzun illər bu siyasətə üstünlük verib.

- Ancaq dünyada və bölgədə geosiyasi vəziyyət dəyişib. Şimali Koreya, Çin və Rusiya ABŞ-ın da rəqibləridir. Vaşinqton bu 3 ölkə ilə mübarizə aparır. ABŞ onu da istəyir ki, müttəfiqi Yaponiya da onunla birgə rəqib ölkələri mübarizədə fəal olsun. Bunun üçün də Yaponiyanın yeni raketlər yaratmasına və modernləşdirilməsinə, o cümlədən büdcədə təhlükəsizlik xərclərinin artmasına icazə verilməlidir. Vaşinqton Tokioya yaşıl işıq yandırıb, - politoloq vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Yaponiya   Rusiya   Çin  



Xəbər lenti