“Yeni Şəfəq”: Fransanın xarici siyasətində türkofobiya

      “Yeni Şəfəq”:    Fransanın xarici siyasətində türkofobiya
  03 Dekabr 2022    Oxunub:637
Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərini Ermənistanın işğalından azad etməsi ilə Fransa Türkiyəyə qarşı siyasətinə yeni bir “çalar” əlavə etdi. Təbii ki, bu məsələdə Fransadakı güclü erməni lobbisinin də təsiri var. Emmanuel Makronun hazırda Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yürütdüyü siyasət Fransanın xarici siyasətində düşünülmüş bir türkofobiya strategiyası olaraq dəyərləndirilməlidir.
Bu fikirlər Türkiyənin “Yeni Şəfəq” qəzetində dərc olunmuş “Fransanın xarici siyasətində türkofobiya” sərlövhəli məqalədə yer alıb.

Məqalədə bildirilib ki, xarici siyasətində Türkiyəyə və Türk dünyasına qarşı düşmənçilik münasibəti nümayiş etdirən ölkələr arasında ilk sırada Fransa qərarlaşıb. Xüsusilə son dövrlərdə islamofob siyasət yürüdən Fransanın xarici siyasətində türkofobiya da açıq şəkildə görünməkdədir. Əgər əvvəlki illərdə Fransanın Türkiyə əleyhinə fərqli strategiyalar həyata keçirən hökumətləri bunu daha çox “diplomatik” çərçivədə nümayiş etdirirdilərsə, Makronun dövründə bu xətt diplomatiyadan uzaq və açıq düşmənçilik yanaşması kimi dəyərləndirilməkdədir.

Yazıda son illərdə Paris ilə Ankara arasında münasibətlərin daha da gərginləşməsinin bir sıra səbəbləri təhlil olunub. Bu baxımdan xüsusilə fransız cəmiyyətində islamofob meyillərin artması, Fransanın regional proseslərdə Türkiyənin maraqlarını görməməzliyə vurması - Yaxın Şərqdə, Liviyada, Avropa İttifaqı-Türkiyə münasibətlərində və Şərqi Aralıq dənizi məsələsində yaşanan gərginliklər qeyd edilib.

Məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrində müsbət proseslər və Azərbaycanın otuz ilə yaxın erməni işğalında qalan torpaqlarını 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi nəticəsində azad etməsindən sonra Fransa Türkiyəyə qarşı siyasətinə yeni bir “çalar” əlavə etdi. Təbii ki, bu məsələdə Fransadakı güclü erməni lobbisinin də təsiri var. Lakin nəticə etibarilə hazırda Makronun hakimiyyəti dövründə Fransanın Türkiyəyə və Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yürütdüyü siyasət bu ölkənin xarici siyasətində düşünülmüş bir türkofobiya strategiyası olaraq dəyərləndirilməlidir. Ermənipərəst siyasət yürüdən Fransanın Prezidenti Makronun Bakı ilə İrəvan arasında yenidən vasitəçi olmaq cəhdlərinin qarşısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınmasından sonra bu ölkə Azərbaycana qarşı daha sərt siyasət yürütməyə başladı. Bu məntiqsiz türkofob yanaşma - Azərbaycanın Qarabağ savaşı nəticəsində öz torpaqlarını azad etməsindən duyulan narahatlıq sonuncu dəfə Fransa Senatının beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Qarabağdakı ermənilərin “müstəqilliyi”nin tanınması və Azərbaycana sanksiya tətbiq edilməsinə dair qətnamənin qəbul olunması ilə özünü göstərdi. Həmin qətnamədə Türkiyə-Azərbaycan əlaqələrinin guya Cənubi Qafqazda “sülhə və təhlükəsizliyə təhdid” olduğu kimi məntiqsiz ifadələrə də yer verildi.

Yazıda Fransa-Türkiyə əlaqələrində gərginliyin səbəblərindən birini də Makronun Türkiyə ilə bağlı mövqeyində qardaş ölkənin terrorla mübarizə siyasətinin hədəfə alınmasının təşkil etdiyi bildirilib. Qeyd edilib ki, uzun illərdir PKK terror təşkilatı Fransa iqtidarları və xüsusi xidmət orqanları tərəfindən Türkiyəyə qarşı istifadə olunur. Fransa Türkiyənin terror təşkilatlarına qarşı hərbi əməliyyatlarına ən sərt şəkildə etiraz edib və bundan narahatlığını gizlətməyib.

Məqalədə dünyada təsir gücünün azaldığını dərk edən Fransanın XIX əsrdə olduğu kimi, yenidən dünyanı idarə edə biləcək böyük güc olaraq özünü təsdiqləməyi xəyal etdiyi vurğulanıb: “Hazırda erməni lobbisinin əsirinə çevrilən Makron iqtidarı Türkiyə ilə əlaqələri inkişaf etdirməli və regional təhlükəsizlik problemlərinin həllində Türkiyə ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində münasibətlər qurmalıdır. Lakin son dövrdə Fransada yüksəlişdə olan millətçilik meyilləri, erməni lobbisinin təsiri, islamofobiya və türkofobiya ilə əlaqədar post-Makron dövründə də ikitərəfli əlaqələrin asanlıqla müsbət istiqamətdə dəyişəcəyi ehtimalı çətin görünür.

AzVision.az



Teqlər:





Xəbər lenti