"Başladıq": Mask Baydenin məxfi yazışmalarını paylaşdı
Bu addım milyarderin respublikaçılar arasında daha populyar olmasına, sosial media platformasının isə siyasi debatların mərkəzinə çevriləcəyinə səbəb olacağı deyilir.
İlon Mask cümə günü axşam şəxsi hesabından "Başlayırıq" tvitini ataraq Matt Taibbi adlı bir jurnalistin "Twitter Faylları"nı izləyiciləri ilə paylaşıb. Sözügedən faylın məzmunu 2020-ci il ABŞ seçkilərinə aiddir.
ABŞ-ın ən çox oxunan "New York Post" qəzeti adı qalmaqallarla hallanan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə aid faylların "Facebook" və Twitter"də senzuraya məruz qaldığını açıqlayıb. "Twitter" rəhbərliyi Hunter Baydenin sındırılmış noutbukundan əldə edilən açıqlama fayllarının “icazəsiz material” siyasətinə uyğun olaraq silindiyini açıqlasa da, platformanın Maska satılmasından sonra bunun sadəcə bir bəhanə olduğu ortaya çıxıb.
"Twitter Faylları" yazısında yer alan şirkət əməkdaşları arasında daxili yazışmalara görə 14 oktyabr 2020-ci ildə dərc olunan Hunter Bayden xəbəri idarəçilər tərəfindən silinib və bununla bağlı yazılara “təhlükəsiz deyil” xəbərdarlığı əlavə edilib.
Taibbinin sözlərinə görə, senzura qərarı şirkətin yüksək səviyyəli rəhbərləri tərəfindən verilib, lakin Cek Dorsi bundan xəbərsiz olub. "Twitter"in keçmiş hüquq və siyasət rəhbəri Vijaya Qaddenin senzura qərarında əsas rol oynadığı düşünülür. "Twitter" komandasının şirkət üçün hazırladığı bəzi vasitələrlə məzmunun silindiyi məlumdur. Lakin Taibbinin iddiasına görə, spam və fırıldaqçılıqla mübarizə üçün edilən bu müdaxilələr indi manipulyasiya miqyası qazanıb və siyasətçilərə xidmət etməyə başlayıb. Jurnalist bildirib ki, 2020-ci ildə ABŞ-da keçirilən seçkilərdə Bayden komandası çoxlu sayda post silib. Taibbinin paylaşdığı e-poçtlardan birinə “Bayden komandasından araşdırılası daha çox şeyi var” deyə qeyd edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: