"YOX"suz VARlı: Zənginlikdə Maskı qabaqlayan Arno kimdir

  "YOX"suz VARlı:  Zənginlikdə Maskı qabaqlayan  Arno kimdir
  08 Dekabr 2022    Oxunub:1672
İlon Mask artıq dünyanın ən varlı adamı hesab olunmur. Forbes reytinqində onu fransız iş adamı, "LVMH"( Louis Vuitton Moet Hennessy)-in sahibi Bernar Arno əvəzləyib.
Twitter-i aldıqdan sonra Maskın sərvəti 185,3 milyard, Arnonunki isə 185,4 milyard dollar qiymətləndirilir. 2020-ci ildən Arno artıq ən zəngin insanlar siyahısına başçılıq edirdi.

Forbes jurnalı o zaman yazırdı: “Onu “yox” sözünü qəbul etməyən və uduzmaq istəməyən adam adlandırırlar".

Bernard Arnault Rubaix şəhərində anadan olub. O, Fransanın ən nüfuzlu ali məktəblərindən biri olan "Ecole Polytechnique"də təhsil alıb. 21 yaşında Bernard mühəndislik üzrə diplom alsa da öz ixtisası üzrə demək olar ki, işləməyib.

Arno atasının ortağı kimi çalışıb və 4 ildən sonra "Ferret-Savinel" ailə tikinti şirkətinə rəhbərlik edib. O, bir müddət sonra ailə biznesini satıb və ABŞ-a köçüb. Orada bir neçə il korporasiyaların birləşmə və satınalma biznesini öyrənib.



ABŞ-dan qayıtdıqdan sonra 1984-cü ildə Arnonun diqqətini digər şeylərlə yanaşı, "Christian Dior" moda evinin sahibi olan, bu yaxınlarda müflis olmuş tekstil konqlomeratı Boussac çəkib. Boussacın bütün qiymətli aktivlərini metodik olaraq nağd pula çevirən Arno buna baxmayaraq, "Christian Dior"u saxlamağa qərar verib.



Tezliklə o, dəbdəbəli mallar sahəsində dünya lideri olacaq bir şirkət yaratmaq üçün layihə hazırlayıb və işə başlayıb. Bu məqsədlə 1988-ci ildən yeni yaradılmış Moet Hennessy Louis Vuitton (LVMH) şirkətinin səhmlərini almağa başlayıb. 1990-cı ilin ortalarında o, "Givenchy" və "Celine" moda evlərini, "TAG Heuer" saat istehsalçısını, "Sephora" ətir şirkətini, "Chateau d'Yquem" şərab təchizatçısı (16-cı əsrin sonundan bəri tanınan brend) və bir sıra digər şirkətləri "LVMH"də birləşdirib. 2000-ci illərdə "LVMH" bölmələrinin sayı onlarla ölçülürdü, indi isə onların sayı 50-yə yaxındır.



Bernar Arnot çoxsaylı xeyriyyə aksiyaları ilə məşhurdur. O, incəsənət qalereyalarına sponsorluq edir, əlillərə dəstək verir və biznes və sənətdə "yeni istedadlar axtarır". 2019-cu ildə onun fondu yanğından zərər çəkmiş Notre Dame de Parisi bərpa etmək üçün 200 milyon avro ayırmışdı.

2012-ci ildə iş adamı Belçika vətəndaşlığı üçün müraciət etdi. Arno özü bunun Belçikada investisiyaları inkişaf etdirmək istəyindən qaynaqlandığını desə də, çoxları hesab edir ki, bu, Fransa prezidenti Fransua Ollandın gəlirləri ildə bir milyon avrodan çox olanlara 75 faizlik vergi tətbiq etmək qərarına gəlməsindən sonra vergidən yayınmaq istəyi ilə bağlıdır.

Həmin ilin sentyabrın 10-da Arno “Libération” qəzetini məhkəməyə verdi. Çünki qəzet onun bu addımı ilə bağlı birinci səhifəsində söyüşlü başlıqla yazı dərc etmişdi.



Forbes jurnalının dərc etdiyi reytinqlərə görə Bernar Arno uzun illər Fransanın ən varlı adamlarından biri olub. 2011-2012-ci illərdə iş adamı 41 milyard avro şəxsi kapitala malik olmaqla dünyanın ən varlı adamları siyahısında 3-cü yerə yüksəlib.

2013-cü ildə biznesmen böhran yaşadı və onun kapitalı ilk onluğun ən sonunda 29 milyard avroya endi.

2014-2016 fransız milyarder üçün kifayət qədər uğurlu oldu, onun sərvəti yenidən artmağa başladı. Lakin bu, Forbes-in ilk onluğuna qayıtmağa kömək etmədi. 2017-ci ilin əvvəlində sahibkarın maliyyəsi böhrandan əvvəlki səviyyəyə qayıtdı və bu, onu reytinqdə 11-ci sıraya qaldırdı.



2018-ci ilin yazında o, 81 milyard avro sərvətlə Bloomberg-in məlumatına görə, Avropanın ən varlı adamı olub. 2022-ci ilin iyul ayına olan məlumata görə, 165,9 milyard ABŞ dolları sərvəti ilə Arno şəxsi kapitalına görə dünyada 2-ci yerdə idi.

Forbes siyahısı 2022-ci ilin dekabrında iş adamını dünyanın ən zəngin adamı kimi tanıyıb



Biznesmen iki dəfə evlənib. Onun ilk həyat yoldaşı Anna Devavrendən Antuan və Delfina adlı iki övladı olub. İkinci həyat yoldaşı isə pianoçudur. Həmin xanımdan isə 3 oğlu doğulub.

İş adamı Fransanın Fəxri Legion ordeninə layiq görülüb.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti