Kabil yenidən orta əsrlərə qayıdır - Qızlar tələbə olmayacaq

Kabil yenidən orta əsrlərə qayıdır -    Qızlar tələbə olmayacaq
  20 Dekabr 2022    Oxunub:910
Əfqanıstanda hakim Taliban hərəkatının nümayəndələri çərşənbə axşamı qızların universitetdə təhsilinə qeyri-müəyyən vaxta qədər qadağa qoyulmasını əmr ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ali Təhsil Nazirliyinin ölkənin bütün dövlət və özəl universitetlərinə ünvanladığı məktubda məlumat verilib.

Talibandan qadağa: Əfqan qadınları daha parka gedə bilməz
Əfqanıstanın ali təhsil naziri Neda Mohammad Nadeem tərəfindən imzalanan məktubda deyilir: "Hamınız qadınların təhsilinin növbəti bildirişə qədər dayandırılması ilə bağlı sözügedən əmrə əməl etməyiniz barədə məlumatlandırıldınız". Məktubu Twitter-də yayan nazirliyin sözçüsü Ziaullah Haşimi AFP-yə açıqlamasında əmrin həqiqiliyini təsdiqləyib.

Ali təhsilə qoyulan məlum qadağa bütün ölkə üzrə minlərlə qız və qadının ali məktəblərə qəbul imtahanlarından üç ay keçməsindən sonraya təsadüf edir.

Xatırladaq ki, bundan öncə əfqan qızların orta məktəblərə getməsi də qadağan edilmişdi.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda hakimiyyətə çevrilişlə qayıdanda, xüsusilə qadınlara münasibətdə daha mülayim olacaqlarına söz vermişdilər. Lakin onlar 1996-2001-ci illərdə hakimiyyətdə olduqları kimi radikal qərarlara qayıtdılar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Əfqanıstn   Taliban   Təhsil  





Xəbər lenti