Moskvada bir azərbaycanlı və daha beş “nurçu”nun məhkəməsi gedir

  Moskvada bir azərbaycanlı və daha beş “nurçu”nun məhkəməsi gedir
  10 Yanvar 2023    Oxunub:808
Moskvada məhkəmə türkiyəli ilahiyyatçı Səid Nursinin kitablarını oxuduqlarına görə Rusiya paytaxtının 6 sakininin işinə baxmağa başlayıb.
İş üzrə təqsirləndirilən şəxslər arasında azərbaycanlı Pərviz Oktay oğlu Zeynalov və daha beş nəfər - Yevgeni Tarasov, Mukajan Ksyupov, Urdaş Abdullayev, İlmir Abdullin və Nikolay Nesteroviç var.

Onlar “ekstremist təşkilat”ın fəaliyyətini təşkil etməkdə ittiham olunurlar. Müstəntiqlərin fikrincə, 2017-ci ildə Tarasov Moskvada "Nursist" beynəlxalq dini birliyinin Rusiyada hücrəsini yaradıb.

Bundan əlavə, ittiham tərəfinin fikrincə, o, dörd il ərzində təşkilatın ekstremist fəaliyyətini davam etdirmək üçün “mümkün olan hər şeyi” edib. Xüsusilə, Tarasov insanları Səid Nursinin təlimlərinin ideologiyasına uyğun olaraq şəxsiyyətin mərhələli şəkildə dəyişdirilməsi və dünyagörüşünün dəyişdirilməsi üçün mənzilinə dəvət edirmiş. İttihama görə, bu təlimlər “müəyyən dini bilik və baxışlara bağlılıq inancını tələbələrə aşılamaq məqsədi daşıyırmış”.

Təqsirləndirilən şəxslərin vəkillərinin sözlərinə görə, onların heç biri özünü ekstremizmdə təqsirli bilməyib. Onlar bəraət alacaqlarına ümid edirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti