Tesla Türkiyə bazarına daxil olmaq niyyətindədir

   Tesla Türkiyə bazarına daxil olmaq niyyətindədir
  11 Yanvar 2023    Oxunub:2314
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Türkiyə bazarına daxil olmağı planlaşdırır.
Bu barədə çərşənbə axşamı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ABŞ-da şirkət rəhbərliyi ilə danışıqların yekununda bildirib. O,Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Tesla şirkətinin baş direktoru İlon Mask arasında yaxşı münasibətlərin qurulduğunu qeyd edib.

"Tesla əvvəllər Türkiyəyə investisiya yatırmaqda, o cümlədən enerji doldurma stansiyalarının yaradılmasında maraqlı olduğunu bildirib, lakin şirkətin daxili inkişafı səbəbindən proses ləngiyib", - türkiyəli nazir bildirib.

"Türkiyənin xüsusilə tədqiqat və inkişaf baxımından investorları stimullaşdırmaq üçün çox ciddi sistemi var. İnvestisiyaları alqışlayırıq. Tesla üçün bazara çıxış vacibdir, texnologiya və istehsala investisiyalar bizim üçün vacibdir. Biz təkliflərimizi təqdim etmişik. Hazırda Tesla-nın Türkiyədən tədarükçüləri var”, - deyə TRT telekanalı nazirin sözlərindən sitat gətirib.

Yerli mətbuatın yazdığına görə, Tesla Türkiyədə "Tesla Motorları" (“Tesla Motrlary”) adlı hüquqi şəxs yaradıb. Daha əvvəl Lufthansa Hava Yollarının Türkiyə və İraqda baş direktoru vəzifəsində çalışmış Kemal Geçer nümayəndəliyin baş direktoru təyin edilib.

Tesla Türkiyədə dörd Tesla modelini : Model 3 sedan, Model S liftback, Model Y və Model X krossoverləri satmağı planlaşdırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti