"Ermənistan müttəfiqlər üçün çətinliklər yaradır" - Rusiya XİN

  "Ermənistan müttəfiqlər üçün çətinliklər yaradır" -    Rusiya XİN
  12 Yanvar 2023    Oxunub:734
"Ermənistan mövcud vəziyyəti nəzərə alaraq Silahlı Qüvvələrinin qarşısında duran prioritet vəzifələrdən çıxış edir".Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova İrəvanın KTMT təlimləri keçirməkdən imtinasını şərh edərkən bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Ermənistan ötən il KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb.

Onun fikrincə, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən qurmağa məcbur edir. XİN-dən verilən məlumata görə, artıq KTMT-də belə işlər aparılır.

"Biz güman edirik ki, nəticədə bu il KTMT sülhməramlılarının effektiv təliminin təşkili, onların əlaqələndirilməsi və bacarıqlarının artırılması üçün optimal həll yolları tapılacaq", - Zaxarova bildirib.

Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti