Məktəblər sosial şəbəkələrə qarşı

// ABŞ-da maraqlı məhkəmə iddiası qaldırılıb

   Məktəblər sosial şəbəkələrə qarşı
  22 Yanvar 2023    Oxunub:1530
“Seattle Public School District” təşkilatı TikTok, Instagram, Facebook, YouTube və Snapchat sosial media platformalarının arxasında duran texnoloji nəhənglərin gənclərin psixi sağlamlığında böhran yaratdıqlarına görə məsuliyyətə cəlb edilmələri üçün iddia qaldırıb.
“Associated Press” xəbər verir ki, ABŞ Rayon Məhkəməsinə müraciət edən “Seattle Public Schools” 91 səhifəlik şikayətdə sosial media şirkətlərinin öz məhsullarını uşaqlara yönəltməklə ictimai narahatlıq yaratdığını iddia edilir.

Sosial media narahatlıq, depressiya, yemək pozğunluğu və kiberzorakılıq da daxil olmaqla psixi sağlamlığın və davranış pozğunluqlarının pisləşməsində günahlandırılır. Onlar həmçinin tədrisi çətinləşdirir, məktəbləri psixi sağlamlıq mütəxəssislərini işə götürməyə, dərs planlarını sosial medianın təsiri ilə tutmağa və əlavə müəllim hazırlığı kimi tədbirlər görməyə vadar edir.

Ərizədə deyilir: “Cavabdehlər ölkə üzrə on milyonlarla tələbəni sosial media platformalarından həddən artıq istifadəyə cəlb etməklə gənclərin həssas düşüncə tərzindən uğurla sui-istifadə ediblər. Ən pisi odur ki, cavabdehlərin gəncləri seçdiyi və hədəf aldığı məzmun çox vaxt zərərli olur və istismar xarakteri daşıyır...”

İddiaçı hesab edir ki, cavabdehlər heç də üçüncü şəxslərin onların platformalarında söylədiklərinə görə yox, öz davranışlarına görə məsuliyyət daşıyırlar.

İddiada deyilir ki, 2009-cu ildən 2019-cu ilə qədər “Seattle Public Schools” şagirdlərinin 30%-i özlərini o dərəcədə kədərli və ya ümidsiz hiss ediblər ki, normal fəaliyyətlərini dayandırıblar.

Məktəb məhkəmədən xahiş edir ki, şirkətlərin ictimai narahatlıq yaratmağı dayandırmasını, dəymiş ziyanı ödəməsini, sosial mediadan ifrat dərəcədə və problemli istifadəyə görə profilaktik təhsil və müalicə pulu ödəməsini təmin etsin.

Nadir Quliyev
AzVision.az



Teqlər: Sosial-şəbəkə  



Xəbər lenti