Bir müddət taksi duracaqlarında qaldıq. Hər şeyin sakitləşməsini gözlədik. Fikirləşdik ki, artıq güclü zəlzələ olmaz və evə qayıdıb əşyalarımızı götürmək istədik. İkinci güclü zəlzələ oldu və biz birinci mərtəbədə olanda qarşı binanın üstümüzə aşdığını gördük. Eyni zamanda yandakı bina da bizim binanın üstünə düşdü. Qorxudan hərəkət edə bilmədim və yerə oturdum. Üstümə qarşı binanın daşı düşmüşdü. Biz 3 binanın arasında qalmışdıq. Qonşu gəlib məni ayağa qaldırdı və oradan çıxardı. Arxada ailələrin, ananın övladı ilə binanın altında qaldığını gördüm. Dəhşətli mənzərə idi. Hamı canının hayında idi və dağıntı alında qalmamaq üçün qaçırdı".
Gecəni çöldə keçirən Aytəkin daha sonra Malatyanın Dilək qəsəbəsinə yarım saat piyada getdiklərini deyib:
"Ayaqlarım suyun içərisində idi. Piyada qarın içərisində getdik. O an mənə Xocalı kadrlarında insanların qarda ayaqyalın qaçması mənzərəsini xatırlatdı. Qar yağırdı, biz qarda ayaqyalın hərəkət edirdik, sonra isə leysan yağışa düşdük. O an niyə belə olurdu, başa düşə bilmirdim. Səhəri gün qayıtdıq ki, evin içərisinə keçim, amma bina keçiləcək vəziyyətdə deyildi. Bina çökmüşdü və hər tərəfində çatlar var idi.
Orada zəlzələ dayanmır, tez tez təkrarlanır. Çox bina çöküb deyə xilasedicilər çatdırmırdı.
Şükür xəsarət almadım. Amma evdən heç nəyimi çıxara bilmədim. Bütün sənədlərim orada qaldı. Sərhədlərdən isə səfirlik vasitəsilə keçib gəldim".
Tələbəmiz deyir ki, il yarım təhsil aldığı şəhərdən əsər-əlamət qalmamışdı. Hər gün getdiyi yollar, küçələr tanınmaz vəziyyətdə idi. Buna baxmayaraq, o, vəziyyət düzənləndən sonda Malatyaya qayıdıb təhsilinə davam etmək niyyətindədir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Son məlumata görə, zəlzələ qurbanlarının sayı 12 873 nəfərə çatıb.




Aytən Zəhra
AzVision.az