Çindən Bakıya turist səfərləri bərpa olunur

   Çindən Bakıya turist səfərləri bərpa olunur
  13 Mart 2023    Oxunub:1004
Dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur.
Bu, Çinin Mədəniyyət və Turizm Nazirliyinin xaricə qrup turist səfərlərinin təşkili üçün təyinat məntəqlərinin sayının çoxaldılması ilə bağlı növbəti qərarından sonra mümkün olub. Martın 15-dən qüvvəyə minəcək qərara əsasən, turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi populyar turizm təyinat məntəqələri daxil olmaqla 40 ölkəyə, o cümlədən Azərbaycana qrup turist səfərləri təşkil edə biləcək.

Çinin populyar onlayn səyahət platforması olan “Tongcheng Travel”in məlumatına əsasən, nazirliyin qərarı elan olunandan sonra sözügedən ölkələrə səyahət üçün axtarışlar 77 faiz, viza müraciətləri isə 4 dəfə çoxalıb.

Qeyd edək ki, Çin pandemiyaya qədər dünyanın ən böyük turist bazarı hesab olunur. 2019-cu ildə təxminən 160 milyon Çin vətəndaşı xaricdə turist səfərində olub. Ümumiyyətlə, pandemiyadan əvvəlki bir neçə il ərzində xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutub. Həmin dövrdə qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti