"Hələ ki iş başındayam" - 85 yaşlı Anar

Anlayırsan ki, səni sevənlər var

 "Hələ ki iş başındayam" -  85 yaşlı Anar
  14 Mart 2023    Oxunub:2972
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev 85 yaşını qeyd edir.
AzVision.az yazıçı ilə əlaqə saxlayıb doğum günü təəssüratlarını öyrənib.

- Anar müəllim, təbrik edirik, yeni yaşınıza qədəm qoydunuz.
- Çox sağ olun, məni yada salan, təbrik edən hər kəsə təşəkkür edirəm.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Siz necə düşünürsünüz, yaşdan var-dövlət olar?
- Əlbəttə, olar. Yaş mənim həyatım, illərimdir. 85 təkcə rəqəm deyil, həm də bir ömürdür.



- Özəl gününüzü necə qeyd edəcəksiniz?
- Hələki iş başındayam, iş planımı yerinə yetirdikdən sonra ailəmlə birgə süfrə arxasında əyləşəcəyik. Mən doğum günlərimi ailəmlə qeyd etməyi xoşlayıram. Allah nə qədər ömür veribsə, həmişə belə keçirəcəyəm.

- Doğum gününüzdə kimin zəngi və yaxud təbriki ürəyinizin sarı simini tərpətdi?
- Mən heç kimi ayıra bilmərəm, hər kəsin zəngi, təbriki əzizdir. Tezdəndən telefonlarım susmur. Əlbəttə ki, bu, xoşdur, insanı sevindirir, anlayırsan ki, səni sevənlər var. Nəvələrin təbriki isə baba üçün bir ayrı özəldir.

- "85"dən geriyə boylansanız, illərinizi tərəziyə qoysanız ən çox nələr ağır gələr?
- Qəfil nəyisə xatırlamaq, demək çətindir. Yəqin ki, ayrı-seçkilik etməzdim. O illərdə mənim uşaqlığım, gəncliyim, övladlarım var. Ona görə də 85 bütünlüklə mənə doğmadır.

Qeyd edək ki, Xalq yazıçısı Anar 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Anarın anası Nigar Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bət Rəfibəylinin nəvəsi olub. Atası Rəsul Rza isə Məmmədxanlılar nəslindəndir.

Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti