Əlilliyin təyini ilə bağlı meyarlar hazırlanır: Yeni xəstəliklər əlavə ediləcək

   Əlilliyin təyini ilə bağlı meyarlar hazırlanır:    Yeni xəstəliklər əlavə ediləcək
  14 Mart 2023    Oxunub:2698
2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş "Əlilliyin müəyyən olunması meyarları"nın təkmilləşdirilməsi işləri davam edir və meyarlara əlavə və dəyişiklik edilməsi məqsədilə artıq yeni layihə də hazırlanıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihədə meyarlara yeni xəstəliklər və onlara uyğun Xəstəliklərin Beynəlxalq Təsnifatı kodlarının əlavə edilməsi, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizlərinin artırılması, bəzi meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddətinin “müddətsiz” kimi müəyyən edilməsi və s. nəzərdə tutulur.

“Ümumilikdə bu layihə hazırlanarkən də vətəndaş məmnunluğu və əlillik sisteminə əlçatanlığın təmin edilməsi prinsipləri əsas götürülüb”.

Nazirlikdən bildirilib ki, aparılan sosial islahatların əsas istiqamətlərindən biri də əlillik sahəsini əhatə etməklə, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə, həmin sistemin mütərəqqi dünya təcrübəsi əsasında qurulmasına yönəlib.

"Bu məqsədlə 2022-ci ilin 1 iyul tarixindən ölkəmizdə əlilliyin müəyyən edilməsi sahəsində ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə və qabaqcıl dünya təcrübəsinə uyğun olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni meyarlar tətbiq olunur. Əlillik təyinatına əsas yaradan meyarların sayı da 4 dəfədən çox artırılıb.

Bu meyarlara əsasən orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir. Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır.

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir.

Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir və s.

Bütün bunlarda məqsəd bu sahədə vətəndaş məmnunluğunun daha da artırılması, əlilliyin qiymətləndirilməsi sistemində növbəti təkmilləşdirmə və sadələşdirmənin təmin edilməsidir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti