Müharibədə məğlubiyyətin səbəbi “beşinci kolon”dur: Paşinyan

   Müharibədə məğlubiyyətin səbəbi “beşinci kolon”dur:    Paşinyan
  14 Mart 2023    Oxunub:1458
"44 günlük müharibədə məğlubiyyətin səbəbi "beşinci kolon" olub". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında üçüncü prezident Serj Sarkisyanın ittihamlarını şərh edərkən deyib.
Paşinyan Sarkisyanın ittihamlarını qeyri-ciddi adlandırıb.

"Minlərlə könüllü müharibədə iştirak edib. Biri sizə silah çatışmazlığından danışıb?" -Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Sarkisyan 2018-ci ildən sonra Ermənistanın heç bir hərbi-texniki dəstək almadığını deməklə pulsuz silahları nəzərdə tuturdusa, o zaman bu silahların nə olduğu barədə susacaq.

Ermənistan, Paşinyanın sözlərinə görə, 2018-2020-ci illərdə əvvəlki 10 ildəkindən daha çox silah əldə edib, bu, sübuta yetirilib. Baş nazir onu da vurğulayıb ki, o, müharibədə qalib gəlmək imkanının olması ilə bağlı müxalifətlə razıdır.

Sarkisyanın bəzi silahlardan istifadə olunmaması ilə bağlı ittihamlarına gəlincə, Paşinyanın sözlərinə görə, bu, yalnız müharibədən bir qədər əvvəl alınmış və istifadəyə hazır olmayan Su-30 təyyarələrinə aiddir. Bütün digər silahlardan istifadə edilib.

Baş nazirin sözlərinə görə, məğlubiyyətin səbəbi nə vaxtsa böyük səs-küy yaradacaq.

"Bu, mənim faktlara əsaslanan qiymətləndirməmdir. Əminəm ki, biz müharibədə uduzduq, çünki orduda "beşinci kolon" var idi", - baş nazir bildirib.

Onun sözlərinə görə, tezliklə faktlar açıqlanacaq və onun açıqlaması o qədər də qəribə görünməyəcək. Digər tərəfdən, Paşinyanın sözlərinə görə, zabitlər də daxil olmaqla 50-dən çox keçmiş hərbçinin vətənə xəyanətdə ittiham olunmasına diqqət yetirmək lazımdır.

Bir müddət əvvəl üçüncü prezident Serj Sarkisyan bəyan etmişdi ki, Ermənistan 44 günlük müharibəyə ordunun şəxsi heyətinin cəmi 50%-ni cəlb edib, qalan yarısından isə niyə istifadə olunmadığı bəlli deyil. Bundan başqa, onun sözlərinə görə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb. Onun prezidentliyi dövründə, 2018-ci ilə qədər çoxlu sayda silah və hərbi texnika alınıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti