"Azərbaycanda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır"

   "Azərbaycanda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır"
  30 Mart 2023    Oxunub:771
"Yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi ətraf mühitə müsbət təsir edəcək"
Bunu AzVision.az -a Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, Azərbaycanda idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir: "Bu da avtomobil parkının sürətlə köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsi nəqliyyat sektorundan tullantıların artmasına və bununla da ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərir, ölkədə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı sürətlə artır".

Müşavirin sözlərinə görə, Azərbaycanda istehlakda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır: "Statistik rəqəmlərə baxsaq, köhnə avtomobillərin sayının ekoloji cəhətdən təmiz avtomobillərin sayına nisbətən daha sürətlə artmasını müşahidə edə bilərik. Bu isə ətraf mühitə, insan sağlamlığına təhlükələr yaradan amillərdəndir. Ona görə də, Nazirlər Kabineti tərəfindən 29 mart 2023-cü il tarixində yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub. Bu qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də avtomobil sektorunun insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına şərait yaradacaq, digər tərəfdən də bu digər ölkələrdə istifadəsi məhdudlaşdırılmış avtomobillərin ölkəmizə axınının qarşısını alacaq”.

R.Səttarzadə qeyd edib ki, inkişaf etmiş ölkələrdə benzin və dizel yanacağı ilə işləyən avtonəqliyyat növlərindən istifadənin azaldılması və tədricən qadağan edilməsi istiqamətində tədbirlər görülür: "Bu da o deməkdir ki, müəyyən müddətdən sonra artıq həmin avtomobillərin bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına yönələcək. Ümid edirəm ki, müəyyən vaxtdan sonra görəcəyik ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar nəticəsində ətraf mühitdə, atmosferin keyfiyyətində müsbət dəyişikliklər olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti