Yeni qərar artıq sifariş verilmiş avtomobillərin Azərbaycana idxalına necə təsir edəcək?

   Yeni qərar artıq sifariş verilmiş avtomobillərin Azərbaycana idxalına necə təsir edəcək?
  30 Mart 2023    Oxunub:1347
Bu ilin martın 29-dək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri Azərbaycanın gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az xəbər verir
ki, bunu “Report”a yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edən Dövlət Gömrük Komitəsi bildirlib.

Belə ki, Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Ekspertlər Nazirlər Kabinetinin bu qərarının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, avtomobil idxalçıları idxal etdikləri nəqliyyat vasitəsinin qaimə və digər sənədlərini düzgün təqdim edərlərsə hansısa problemin yaranmasından söhbət gedə bilməz:


“Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarı imzalandığı günə qədər sifariş verilən avtomobillərin ölkəyə buraxılmasına icazə verməlidir. Bunun üçün isə avtonəqliyyat vasitəsini ölkəyə gətirən fiziki yaxud hüquqi şəxs qaimələri təqdim etməlidir. Hansı ki, bu sənədlərdə nəqliyyat vasitəsinin alınması üçün ödəniş tarixi göstərilir.

Qərarın bazara təsirinə gəlincə isə yay mövsümündə ikinci əl avtomobillərin qiyməti 3 %-dək artacaq. Sonrakı dövrlərdə isə qiymət artımı ölkədəki qərarlardan asılı olacaq. Bu qərardan sonra ölkəmizdə “Avro-5” standartlarına keçidlə bağlı qərarı və həmçinin ölkəyə idxal olunan mühərrik həcmi kiçik olan yeni avtomobillər üçün müəyyən güzəştlərin verilməsini gözləyirik. Ola bilər ki, gömrük rüsumları bir qədər endirilsin.


Bu qərardan sonra yeni avtomobillərin isə qiymətlərində kəskin artım gözləmirəm”.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə hesab edir ki, Baş nazirin imzaladığı bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir:

“Etiraf etmək lazımdır ki, ölkəyə gətirilən istismar müddəti 10 ili ötən avtomobillərin əksəriyyəti istifadəyə yararsız maşınlarıdır. Yeni qərar məhz onların ölkəyə gətirilməsinin qarşısını alacaq.


İli köhnə avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması bəzi dəllalların qiymətləri artırılması üçün şərait yaradacaq. Əslində isə bunun baş verməməsi üçün vətəndaş olaraq köhnə avtomobillərdən imtina etməliyik. Nəzərə almaq lazımdır ki, avtomobil idxal edilmədikcə onun ehtiyat hissələrinin də tapılması çətinləşəcək. Köhnə nəqliyyat vasitələrindən imtina həm də ekoloji baxımdan xeyirlidir.

Ümid edirəm ki, yanacaqla işləyən yeni avtomobillərin kredit və lizinqlə satılması şərtləri də asanlaşacaq. Əgər əvvəlki illərdə olduğu kimi 20 %-lik ilkin ödənişlə avtokreditlər bərpa edilsə bu, bazarda yeni avtomobillərin sayını da artıracaq.

Həmçinin uzun müddətdir müzakirəsi aparılan utilizasiya proqramının işə düşməsi də bu prosesi daha da sürətləndirə bilər. Amma istənilən halda bunun həyata keçməsi üçün bir qədər müddət lazımdır. Çünki prosesin sağlam aparılması üçün kompleks yanaşma nümayiş etdirilməlidir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.


Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:

- 2 ilə qədər olan minik avtomobilləri 2 %;

- 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3 %;

- 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9 %.

Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80 %-dən çoxdur.

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar:

- Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq;

- Yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq;

- Ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasını sürətləndirəcək;

- İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq;

- Ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq;

- Avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.


Teqlər:





Xəbər lenti