IDEA BMT-də müşahidəçi statusu aldı
Bu təşkilatda müşahidəçi status IDEA-ya UNEP-in hər il keçirilən regional müşavirələrində, eləcə də qurumun sessiyaları zamanı Tamtərkibli komitənin plenar iclaslarında və nazirlər səviyyəsində məsləhətləşmələrdə iştirak etmək, UNEP katibliyi vasitəsilə hökumətlərə məlumatlandırıcı sənəd formasında yazılı hesabatlar göndərmək, UNEP-in müzakirələri zamanı şifahi bəyanatlar vermək və s. səlahiyyətlər verir.
IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətləri barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.
IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır. IDEA-nın UNEP ilə əməkdaşlığı nəticəsində 2012-ci il noyabrın 12-dən 16-dək “Yaşıl həftə” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində panel müzakirələr, yerli tələbələrlə görüşlər və TUNZA proqramının təqdimatı olmuşdur. Bu çərçivədə, həmçinin Beynəlxalq Gənclər Forumu keçirilib.
Yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, 2012-ci ilin iyununda keçirilmiş “Rio+20” sammitinin yekunu və daimi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Teqlər: