"Zəngəzur dəhlizi İrəvanla yanaşı, Tehrana da təhlükədir" - İran nəşri

   "Zəngəzur dəhlizi İrəvanla yanaşı, Tehrana da təhlükədir"    - İran nəşri
  10 Aprel 2023    Oxunub:1562
İranın "Sharghdaily.com" saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyandan müsahibə alıb. Azərbaycana qarşı revanşist və radikal açıqlamaları ilə seçilən Vanetsyan ölkəmizlə yanaşı Türkiyənin də ünvanına yalan dolu şər, böhtanlar səsləndirib.
Eks-MTX rəhbəri iddia edib ki, guya Ermənistanla yanaşı İran da Türkiyə və Azərbaycanın hansısa "təhdidləri" ilə üzləşir.

Vanetsyan hazırda dünya ictimaiyyətinin diqqətinin Ukrayna ətrafında cərəyan edən hadisələrə yönəldiyini xatırladıb.

Tarasov: "İran Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilib"
Belə bir vəziyyətdə isə guya Türkiyə və Azərbaycan 44 günlük müharibədən sonra həyata keçirmək istədikləri bəzi planlar üçün yaxşı imkanların yarandığını düşünürlər. Yəni bu ölkələr situasiyadan yararlanıb Ermənistan ərazisindən quru yolu qurmağı planlayırlar.

"Nəticədə sonda Zəngəzur ələ keçiriləcək və dəhliz qurmaq planları təkcə Ermənistan üçün deyil, həm də İran üçün birbaşa təhlükədir", - İran nəşri yazıb.

Vanetsyan belə hesab edir ki, regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın məlum davranışları və ritorikasının da səbəbi məhz dəhliz amilidir.

"Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə ortaya qoyur", - məqalədə yazılıb.

"Dərindən əminəm ki, İran öz davranışı ilə Azərbaycan və Türkiyənin "təhlükəsi" fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Biz dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk. Bu məsələlər həqiqətən də Ermənistan üçün çox vacibdir", - Vanetsyan cənub qonşulatına tərif yağdırıb. Bundan başqa o qeyd edib ki, onlar təkcə Azərbaycan və Türkiyə ilə deyil, həm də xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən İrəvan rejimi ilə mübarizə aparırlar.

"Bakı və Ankaranın Cənubi Qafqazdakı siyasəti təkcə Ermənistana və Qarabağa (Xankəndidəki separatçı rejim-red.) deyil həm də İran və Rusiyaya qarşıdır. Bu münaqişə ilk baxışdan təsəvvür ediləndən də qlobal xarakter daşıyır”, - radikal siyasətçi sərsəm fikirlər səsləndirib.

Erməni siyasətçi qorxduqları hazırkı problemin yalnız daha sıx əməkdaşlıq, xüsusilə də təhlükəsizlik məsələlərində səmərəli şəkildə həll edilə biləcəyini qeyd edib: "Əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydilər və ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, o zaman regionda indiki çətin vəziyyət olmazdı".

O, bildirib ki, Tehran-İrəvan-Moskva birliyi yaransaydı bu, regionda təhlükəsizliyin əsas komponentinə çevriləcəkdi: "Bu istiqamətdə əməli addımlar atılmalıdır. Belə formatın qurulması rəqibləri hər cür hücum və ambisiyalardan qoruyacaq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Zəngəzur  





Xəbər lenti