ABŞ Meksikaya qoşun yeritməyə hazırlaşır?

   ABŞ Meksikaya qoşun yeritməyə hazırlaşır?
  11 Aprel 2023    Oxunub:1332
Amerika siyasətçiləri, respublikaçılar narkotik kartelləri ilə mübarizə üçün Meksikaya hərbçilər göndərilməsini təklif edirlər. AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məqalə müəllifləri belə hesab edirlər ki, hərbçilərin Meksikaya gətirilməsi ideyası “partiya daxilində dərindən kök salıb”.

Demokratlara gəlincə, onlar bu məsələdə mənfi mövqedən çıxış edirlər. Elə bu cür əməliyyatlara başlamaq istəməyən ABŞ prezidenti Co Bayden də müsbət yanaşmır.

Məqalədə o da xatırladılıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələrdə yenidən seçiləcəyi təqdirdə Meksikaya xüsusi təyinatlıların göndərilməsi və ya kartel liderləri ilə kibermüharibə başlaması ehtimalını gündəmə gətirmişdi.

Müəllif qeyd edib ki, respublikaçı konqresmenlər Den Krenşou və Mayk Valtz kartellərlə müharibə üçün hərbi gücdən istifadəyə icazə verən qanun layihəsi təqdim ediblər. Məqalədə qeyd olunub ki, senator Tom Kotton hətta ölkənin icazəsi olmadan da ABŞ qoşunlarını Meksikaya göndərməyə hazırdır.

Həmçinin qeyd edilir ki, general Mark Milley mart ayında bildirib ki, narkotik ticarəti ilə mübarizə hərbçilərin deyil, hüquq-mühafizə orqanlarının işidir. Ona görə də Vaşinqton öz hökumətinin razılığı olmadan Meksikaya qoşun yeritməməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Meksika  





Xəbər lenti