Sabiq deputatı və qardaşını güllələdilər - VİDEO

  Sabiq deputatı və qardaşını güllələdilər -  VİDEO
  16 Aprel 2023    Oxunub:2505
Hindistanın keçmiş deputatı, adam oğurluğu, qətl və hücumda ittiham olunan Atik Əhməd hücumda qardaşı ilə birlikdə güllələnib. Hadisə Hindistanın şimalında televiziyada canlı nümayiş etdirilib.
Bu barədə RİA Novosti məlumat yayıb. Qeyd olunur ki, hadisə Uttar Pradeş ştatının Prayaqrac şəhərində, Atik Əhməd və qardaşı Əşrəf polisin müşayiəti ilə tibbi müayinəyə gedərkən baş verib. Polis sözçüsü Ramit Şarma bildirib ki, hücum edən üç şəxs motosikletlə gəlib və özlərini jurnalist kimi təqdim ediblər.

"Onlar səsyazma bəhanəsi ilə Atik və qardaşına yaxınlaşıb, yaxın məsafədən atəş açmağa müvəffəq olublar. Hər ikisi də başından güllə yarası alıb. Hər şey saniyələr ərzində baş verib".

Atışmadan sonra hücum edənlər polisə təslim olub və saxlanılıb. Atik Əhməd Uttar Pradeşdəki Phulpur seçki dairəsi üzrə keçmiş parlament üzvü idi.

Onun barəsində 90-dan çox cinayət işi, o cümlədən adam öldürmə, adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə başlanıb. O, 2018-ci ildə Allahabad Universitetinin professoruna hücum etməkdə də ittiham olunub.

2019-cu ildə 60 yaşlı Atik Əhməd 2005-ci ildə bir deputatın qətlində ona qarşı şahid qismində ifadə verən vəkil Umeş Palı oğurlamaqda təqsirli bilinərək həbs edilib.

Hücumdan sonra səlahiyyətlilər, Prayagrac şəhərində dörd nəfərdən çox insanın toplaşmasına ştat miqyasında qadağa qoyub, həmçinin mobil telefonlarda internetə çıxışı kəsib.

Hökumət həmçinin məhkəmə araşdırması sifariş verib.


Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti