Teleqraf: III Çarlzın tacqoymasında 1953-cü ildəkindən yeddi dəfə az hərbçi iştirak edəcək
Məqalədə deyilir ki, mayın 6-na planlaşdırılan tacqoyma mərasimində ümumilikdə 6 minə yaxın adam iştirak etməlidir. Britaniya Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Böyük Britaniya ordusu orada iştirak edəcək. Krallığın Müdafiə Nazirliyi qarşıdan gələn tədbiri “70 ilin ən böyük hərbi mərasim əməliyyatı” adlandırır.
Bununla belə, The Sunday Telegraphıın qeyd etdiyi kimi, Vestminster Abbeyinə və geriyə gedərkən II Yelizavetanın maşınını həm Böyük Britaniya, həm də Birlik ölkələrindən silahlı qüvvələrin bütün qollarının təxminən 45 min hərbi qulluqçusu müşayiət edib.
Bununla bağlı nəşr xatırladır ki, hazırkı monarxın anasının tacqoyma mərasimi zamanı Böyük Britaniyanın silahlı qüvvələrinin sayı 868 min nəfər idi.
Keçən il Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları və Hərbi Hava Qüvvələri nəzərə alınmaqla, Britaniya silahlı qüvvələrinin gücü 135 min nəfəri keçməyib.
Eyni zamanda, 2021-ci ilin martında Britaniya hökuməti ordunun sayını 2025-ci ilə qədər 76,5 min nəfərdən 72,5 min nəfərə endirmək planlarını açıqlayıb.
Məqalədə həmçinin deyilir ki, tacqoymanın təşkilat komitəsi, demək olar ki, bütün keçmiş Britaniya dominionlarını, koloniyalarını və protektoratlarını, eləcə də Birlik üzvü olan 56 ölkənin hamısının nümayəndələrini may yürüşü zamanı görmək istərdi.
Bildirilir ki, Hindistan, Cənubi Afrika, Qana və Sinqapur da daxil olmaqla 20-yə yaxın ölkə hələlik yekun cavab verməyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: