Bu, hansısa filmin ssenarisi deyil. Canlı yaşanmış faciədir. Başlıbel qətliamının şahidləri Niyyət Əhmədov, bacıları Arzu Əmralıyeva və Şəfəq Hüseynova o dəhşətli günlərin acı xatirələrini AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bir daha yada salıblar.
1993-cü ildə ermənilərin Kəlbəcərin Başlıbel kəndinə silahlı hücumu zamanı Əhmədovlar ailəsi də Başlıbel kəndindən olan 62 nəfərlə birgə təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi) sığındıqları yerdə öldürülüb. İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7-si mühasirə zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

“Anam və kiçik bacım ermənilər tərəfindən kahada gözümün qarşısında öldürüldü. Mən və atamı əsir götürdülər. Atamı qolundan silahla vurdular. Güllə sinəsini sıyırıb keçdi. Yaralı halda bizi döyə-döyə Qozlukörpüyə apardılar. Orada üç gün qaldıqdan sonra Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gəlib bizi əsir kimi siyahıya aldı,” - deyə N.Əhmədov o günləri xatırlayır.

Ermənilərin kəndə hücumu zamanı yaxınlıqda yerləşən kahalarda ümumilikdə 113 gün mühasirədə qalan Başlıbel kənd sakini Şəfəq Hüseynova həmin günləri həyəcan və göz yaşları ilə yada salır: “Aprelin 18-də Başlıbeldəki kahaya erməni silahlılarının hücumundan sonra, sağ qalan sakinlərin bəzisi əsir götürüldü, bəzilər qaçıb xilas ola bildi, bəziləri də orada öldürüldü. Gözümün qarşısında əzizlərim, doğmalarım qətlə yetirildi. Həmin qırğından qaçıb xilas olanlar - təxminən 40-a yaxın insan ac-susuz 113 gün digər kahalarda, dağlarda, ağac diblərində ermənilərdən gizləndik. Sağlamlığımı itirdim. Sonradan biz gizlincə Başlıbelə qayıtdıq. Kahaya hücum zamanı həlak olan 12 nəfəri - əmim Hümmət Əhmədov və digərlərini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdik, sonra orada uzaqlaşdıq”.

44 günlük Vətən müharibəsinin başa çatması ilə üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də azadlığa qovuşdu. Kəlbəcərin azad edilməsindən sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, dağıntıların və ən əsası Başlıbel kimi faciələrin araşdırılması prosesi geniş vüsət aldı. 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, torpağa basdırılmış 12 nəfərin meyidinin qalıqları aşkar edildi.

“1989-cu ildə Kəlbəcərdə Başlıbeldə ailə həyatı qurmuşam. 1993-cu ildə ermənilərin Başlıbelə, mülki əhaliyə hücumu zamanı anam, bacım, yoldaşım, baldızım, qaynım, qaynatam həlak oldular. Digər ailə üzvlərim ilə birgə mən və 2 yaşlı körpəm girov götürülmüşdük. Əsirlikdə olmazın işgəncələrini gördük. Övladımı “aparıb bişirəcəklərini” deyirdilər... İnsan buna dözər? Bir yeri gündə on dəfə sildirirdilər. Əllərindən gələn hər formada zülm etməyə çalışırdılar,” – deyə Arzu Əmralıyeva erməni dəhşətlərindən danışır.

2020-ci ildə Kəlbəcər düşmən tapdağından azad olunduqdan sonra Niyyət Əhmədov bir qrup kənd sakini ilə birgə Başlıbel kəndinə gedib, qohumlarının məzarını ziyarət edib. Həmin anları bu cür təsəvvür edir: “Allah Prezident İlham Əliyevi və Rəşadətli Ordumuzu qorusun. Şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı verin. Vaxtı ilə qanlı, ayaqyalın ayaqlarla çıxdığım torpaqları öpə-öpə qayıtmışam. Anam və bacımın məzarını illərdən sonra ziyarət etdim, ürəyimdə təskinlik tapdım. Allah bir də heç kimə o zülmü göstərməsin...”.

Qeyd edək ki, Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib.

Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, 2021-ci ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Vətən müharibəsindən sonra düşməndən azad olunan torpaqlarda, o cümlədən Xocavəndin Edilli, Ərəkül kəndlərində, Ağdamda, Füzulidə erməni vəhşiliyinin qurbanı olan yerli sakinlərin sümükləri tapılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


