Sudanda bir gündə 30 mülki şəxs öldürülüb

 Sudanda bir gündə 30 mülki şəxs öldürülüb
  19 Aprel 2023    Oxunub:944
Sudanda bir gündə 30 dinc sakin həlak olub, daha 245 nəfər yaralanıb.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı Sudanın Həkimlər Komitəsinə istinadən məlumat yayıb.

“Elan edilmiş atəşkəsə baxmayaraq, çərşənbə axşamı toqquşmalarda 30 mülki şəxs həlak olub”, - məlumatda deyilir.

Çərşənbə axşamı, aprelin 18-də Suveren Şuranın üzvü Şəmsəddin əl-Kəbbaşı bəyan edib ki, Sudan Silahlı Qüvvələri yerli vaxtla saat 18:00-dan başlayaraq 24 saatlıq atəşkəsə razılaşıb.

Bundan əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin ofisinin talan edildiyini bildirmişdi.

O, həmçinin BMT-nin humanitar işçilərə qarşı hücumlar və cinsi zorakılıq xəbərləri aldığını qeyd edib.

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti