Ukraynadan sonra indi də Sudan! Yenə "Vaqner"?

 Ukraynadan sonra indi də Sudan!    Yenə "Vaqner"?
  20 Aprel 2023    Oxunub:1818
Sudanda elan olunmuş atəşkəsin pozulması ilə bağlı xəbərlərlərlə yanaşı, “Vaqner” qruplaşmasının tərəflər arasındakı münaqişələrdə rolu ilə bağlı informasiyalar da yayılır.
Baxmutda Ukrayna qüvvələrinə qarşı döyüşən "Vaqner" muzdlularının Sudandakı döyüşlərdə iştirak etdiyi deyilir.

Əl-Cəzirə xəbər saytının bildirdiyinə görə, "Vaqner" qrupu ölkəyə ilk dəfə 2019-cu ildə geniş etirazlar zamanı keçmiş prezident Ömər əl-Bəşir sayəsində daxil olub.

2017-ci ildə Rusiyaya gedən və prezident Vladimir Putinlə görüşən Əl-Bəşir Rusiyadan dəstək istəyib və bunun müqabilində Moskvanın “Afrikaya qapısı” olmağı təklif edib.

Qısa müddət sonra Rusiyanın "M İnvest" şirkəti "Meroe Gold" şirkəti vasitəsilə Afrikanın üçüncü ən böyük qızıl ehtiyatına malik olan Sudana ekspertlər göndərməyə başlayıb. 2020-ci ildə ABŞ Maliyyə Nazirliyi "M Invest"in "Vaqner"in bir qolu olduğunu elan edib.

"Vaqner" bu ölkədə qızıl mədənlərini qoruduğunu, eyni zamanda əl-Bəşirə qarşı qoruyucu qalxan yaratdığını bildirirdi.

“Vaqner”in qurucusu Yevgeni Priqojin əl-Bəşir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Baş Qərargah rəisi Əbdülfəttah əl-Burhana yaxınlaşmaq üçün yollar axtarıb.

Lakin 2019-cu ildə Xartumda keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 40-a yaxın adamın ölməsi və "Vaqner" qrupunun etirazları yatırmaq vəzifəsindən uzaqlaşdırılaraq mədənləri qorumaq üçün göndərilməsi ilə bu əlaqə kəsilib.

Ancaq "Vaqner"in burada da rahat durmadığı, Suriyadakı Rusiya bazalarına qaçaq yolla qızıl apardığı iddia edildi.

Nəhayət, "Vaqner" bu dəfə qızıl mədənlərinə rəhbərlik edən ÇRQ komandiri Daqaloya yaxınlaşıb. Mütəxəssislərin fikrincə, Vaqner yenidən qızıl qaçaqmalçılığına davam edib. Bu dəfə onun marşrutu Dubay üzərindən Rusiya olub və Ukrayna əməliyyatı bu qızılla maliyyələşib.

Ukraynanın işğalından sonra Rusiyaya gedən Daqalo "Vaqner"lə münasibətlərini gücləndirib. "Vaqner"in son münaqişələrdə bilavasitə iştirakı ilə bağlı dəqiq məlumat olmasa da, onun ölkədə mövcudluğunu qorumaq üçün iştirak edə biləcəyi bildirilir.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti