"Məktubu oğlum yazmayıb, onun xətti deyil" - Əsir Aqşinin anası

 "Məktubu oğlum yazmayıb, onun xətti deyil" -    Əsir Aqşinin anası
  27 Aprel 2023    Oxunub:8882
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov evə məktub göndərib. Amma əsirin anası Dürdanə Bəbirovanın AzVision.az-a dediyinə görə, məktub Aqşinin xətti ilə yazılmayıb. O, bundan narahat olduğunu vurğulayıb.
"Məktubdakı xətt Aqşinin deyil. Amma yazılan sözlər oğlumun bizə müraciət tərzidir. Anası, bacıları ilə şirin dillə danışandır və məktubda da bu sözlər onun dediklərinə oxşayır. Sanki ona sual verib, əvəzinə yazıblar. Yaxşı olması barədə dedikləri, bilinir ki, cəfəngiyyatdır. O cür bəlanın içərisindədir, necə problemi ola bilməz? Bəllidir ki, belə yazmalı idilər",- əsirin anası deyib.
Əsir Hüseyndən xəbər var: "Mənəm Hüsü, ana, nə olar məktub yaz"

AzVision.az Aqşinin məktubunu təqdim edir:
"Salam anam, atam, bacılarım. Mən burada yaxşıyam, heç bir problem yoxdur. Hər şey yaxşıdır. Anam mənim, özünə yaxşı bax, hesab et ki, mən əsgərlikdəyəm, elə yolumu gözlə. İnşAllah görüşəcəyik, dualarını əsirgəmə. Sən narahat olma, yoxsa mən narahat olaram. Atam, ailə sənə əmanətdir. Başlarından heç bir tük əskik olmasın. Səni və sizi çox sevirəm. Mənim gözəl bacılarım, Aylinim, dərslərini yaxşı oxu, qardaşın gələcək, yaxşı canım. Bacım Aysu, sən ürəyini sıxma, hər şey yaxşı olacaq. Mənim gözümün ağı -qarası. Hamınızı çox sevirəm. Yolumu gözləyin, gələcəm, dualarınızı əsirgəməyin. Sağ olun".

"Əli-qolu bağlı, zindanda olan şəxsin bacısına "dərslərini yaxşı oxu" deməsinin yeridir? Necə yaza bilər ki, "yaxşıyam, problem yoxdur". Məlumdur ki, hamısı yalandır",- deyə D.Bəbirova vurğulayıb.


Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Əsir  



Xəbər lenti