Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb
Türkiyənin də həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə kimi Azərbaycanın yanında olduğunu vurğulayıb. O, bir neçə gün əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb.
Mustafa Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək, bildirib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar olunmuş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə təşəkkürünü bildirərək, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib. Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı.
O, Vətən müharibəsi dövründə TBMM sədrinin Azərbaycana səfər etdiyini, səfər çərçivəsində Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb. Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib və bunu qardaş dəstəyi kimi qiymətləndirib.
Görüşdə spiker Sahibə Qafarova işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.
Milli Məclisin sədri ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələrin qurulduğunu vurğulayıb. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. O cümlədən, parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur.
Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Spikerlər bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


