- Nə qədər dərinə gediriksə, bir o qədər gülməli olur. Amma həmişə belə olmayacaq. Vicdanlı insanlar həqiqəti açıq deyəndə gücə çevrilirlər. Onlar nə qədər güclü olsalar, yalançılar da bir o qədər zəifdirlər. Kainatın dəmir qanunu belədir: həqiqət qalib gəlir. Amerikada həqiqəti eşidə biləcəyiniz yerlər varmı? Azdır, amma hələ də var, - Taker Karlson "Tvitter" hesabında yazıb.
Maraqlıdır ki, Taker Karlsonun "Fox"dan uzaqlaşdırılmasından sonra CNN də 17 il şirkətdə çalışmış aparıcısı Don Lemonun işdən çıxardı. Populyar aparıcıların kanallardan uzaqlaşdırılmasının arxasında nə dayanır və bu hadisələr bir-biri ilə necə bağlıdır?
Aparıcının iti düşüncələri
2003-cü ildə Karlson İraqın işğalını dəstəkləsə də, əməliyyat başlayandan bir il sonra səhv etdiyini deyərək mövqeyini dəyişmişdi və o vaxtdan bəri davamlı olaraq ABŞ-ın xarici münaqişələrə hərbi müdaxiləsinə qarşı çıxırıdı. Eyni zamanda jurnalist Çinə qarşı sərt mövqe sərgiləyirdi. Karlson hesab edirdi ki, ABŞ prezident Niksonun dövründə Çinlə münasibətləri normallaşdırdığına görə uduzdu. Xüsusən, bu, Amerikada iş yerlərinin kütləvi şəkildə itirilməsi və çinlilər tərəfindən Amerikanın intellektual mülkiyyətinin oğurlanması ilə nəticələndi.
Karlsonun getməsi xəbəri şirkətin səhmlərini 5,4% ucuzlaşdırıb. O, 2016-cı ildən bəri aparıcılıq etdiyi verilişin efirinə sonuncu dəfə aprelin 21-i, cümə günü çıxıb. Efirin sonunda tamaşaçılara xoş həftəsonu arzulayıb və bazar ertəsi qayıdacağına söz verib. Yəni son ana qədər işdən çıxarılacağından xəbəri olmayıb. Qərar aprelin 21-i axşam saatlarında qəbul edilib. İşdən çıxarılmanın təşəbbüskarları “Fox Corporation”ın baş direktoru Laklan Merdok və “Fox News Media”nın baş direktoru Suzanna Skott olub.
Vaşinqtonda senzura
Jurnalist ilk dəfə 2009-cu ildə “Fox News”da müxbir kimi işə başlayıb və ən populyar aparıcılardan birinə çevrilib. Karlson Respublikaçılar Partiyasına, xüsusən də keçmiş prezident Donald Trampa fəal dəstəyi, həmçinin Amerika hökumətini tənqid etməsi ilə tanınır. “Politico” qəzeti ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri arasında olan mənbələrə istinadən yazır ki, Karlsonun “Fox News”dan çıxarılması xüsusilə Pentaqonda sevinclə qarşılanıb. ABŞ Müdafiə Nazirliyi teleaparıcının silahlı qüvvələrin siyasətini fəal şəkildə tənqid etməsindən narazı idi. Pentaqon yüksək rütbəli rəsmisi mediaya deyib: “Bu adam hər gecə yüz minlərlə insanın gözü qarşısında hərbçilərimizi təhqir etməsə, daha yaxşı olarıq”.
Efirdə aparıcı tez-tez qalmaqallara səbəb olan açıqlamalar verirdi. 2023-cü il martın sonunda o, Nyu Yorkdakı böyük münsiflər heyətinin “Tramp Təşkilatı”nın maliyyə sənədlərinin saxtalaşdırılması işində keçmiş Prezidenti ittiham etmək qərarını “siyasi təmizləmə” adlandırmışdı.
Seçkiöncəsi təmizləmə
Digər tərəfdən, aparıcının gedişi ABŞ-da başlayan prezidentlik yarışı ilə də əlaqələndirilir. Bu gün Demokrat Partiyasının siyasi texnoloqları Baydenin yeni imicini formalaşdırmağa çalışırlar. Amerika mediasında prezidentlik yarışı çərçivəsində ideoloji cəhətdən mərkəzə doğru irəliləmə, sağ və solda radikallıqdan uzaqlaşma tendensiyası müşahidə olunur.
“Los Angeles Times”ın məlumatına görə, Takerin işdən çıxarılmasına şəxsən “Fox Corporation”ın sahibi, media maqnatı Rupert Merdok göstəriş verib. Mühafizəkar “Breibart” nəşri yazıb ki, Ağ Ev hazırda Respublikaçılar Partiyasına və Donald Trampa sponsorluq edən iş adamlarına təzyiqləri artırır. ABŞ hökuməti milyarder İlon Maska müharibə elan edib. Merdoka da təzyiqlər olub. Axı Karlson Bayden ailəsindəki korrupsiya qalmaqalını da geniş şəkildə işıqlandırdı.
Bu hadisə Amerikada söz və mətbuat azadlığı kimi qlobal dəyərlərlə necə manipulyasiya edildiyinin göstərcisidir. Belə aydın olur ki, Amerikada artıq söz və mətbuat azadlığı bir neçə nəfərin mənafe və maraqlarının qorunması üçündür. Söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri sual altındadır, mətbuatın müstəqilliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu isə yalnız formal xaraket daşıyır. Əgər belə olmasaydı prezident sekisi öncəsi hazırki iqtidarı kəskin tənqid edən məşhur jurnalist səbəbsiz işdən çıxarılmazdı.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


