"Ruslar deyirdi ki, Heydər Əliyev qayda-qanun yaradacaq"

   "Ruslar deyirdi ki, Heydər Əliyev qayda-qanun yaradacaq"
  04 May 2023    Oxunub:3079
Tahir Həsən oğlu Hüseynov SOCAR “Azəriqaz” İstehsalat Birliyində şöbə rəisi vəzifəsində çalışır. O, Heydər Əliyevin xaricə təhsil almaq üçün göndərdiyi sonuncu qrupun tələbələrindən biridir.
AzVision.az -a danışan şöbə rəisi həmin illərlə bağlı xatirələrini saytımızla bölüşüb:

- 1982-1987-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda oxumuşam. Biz Heydər Əliyevin təhsil almaq üçün göndərdiyi sonuncu tələbələrdən idik.

Necə deyərlər, ayağımız yüngül oldu, Ulu öndər bizdən sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, Moskvaya gələndən sonra orada azərbaycanlılara qarşı münasibətin necə dəyişdiyinin şəxsən şahidi olduq. Açıq danışaq, ona kimi Moskva sakinlərinin müəyyən bir hissəsi qafqazlılara yuxarıdan aşağı baxırdı. Əliyev gələndən sonra azərbaycanlılara o cür yanaşma, sanki, dayandı. Ruslar həmişə qarayanız deyəndə gürcüləri, dağıstanlıları, erməniləri qeyd edirdilər. Azərbaycanlılar haqqında isə söz açmaq istəmirdilər. Ümummilli lider isə hər şeyi kökündən dəyişdi. Bu Heydər Əliyevin adının ən böyük zəfəri idi. Bütün millətin adına ucalıq gətirdi.
"Vidnıy mujik, eqo mesto v Kremle" - Heydər Əliyevlə bağlı 40 il əvvəl deyilmiş söz


Sizə bir məqamı da qeyd edim, onun Moskvaya gəlməyinə tək biz azərbaycanlılar yox, bir çox orta və yaşlı nəsil ruslar da sevinirdi. Onlar həmişə deyirdi ki, nəhayət ki, Heydər Əliyev gəldi, O, Yuri Vladimiroviç Andropovla birlikdə ölkədə qayda-qanun yaradacaq. Məlum məsələdir ki, Heydər Əliyevdə qayda-qanun yaratmaq bacarığı var idi və bunu ikinci dəfə Azərbaycana qayıdışında da gördük.



Həmsöhbətim bildirib ki, H. Əliyevlə Moskvada iki dəfə görüşmək imkanı olub.

- Qurultaylar sarayında drijor Niyazinin 70 illiyi ilə əlaqədar tədbir keçirilirdi. O, da tədbirdə iştirak etdi, xeyir- duasını verdi. İkinci dəfə isə biz onun həyat yoldaşı, akademik Zərifə Əliyevanın dəfn mərasimində görüşdük. Biz həmişə şəxsiyyətlərin güclü tərəfini görürük. Onların kövrək məqamlarına nadir hallarda rast gəlmək olur.

Zərifə xanımın dəfn günü elə həmin an idi. Heydər Əliyevin necə ürəkdən, kövrək hisslərlə ağladığını gördüm. Təsirli məqam idi... SSRİ-nin bir çox rəhbər kadrları, siyasi büronun üzvülərinin hamısı orada idi.

Qeyd edək ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   HeydərƏliyev  



Xəbər lenti