3 min manata görə tutulan qadın da əfv olunub
K.İbrahimova onun 1 il 7 aydır ki, dəmir barmaqlıqlar arasında qalmasına səbəb olan əməlindən də danışıb: "Mənim Dəmir Bank-a 3000 manat kredit borcum vardı. Ona görə, dələduzluq maddəsi ilə iş açıb 2 il 10 ay həbs kəsdilər. Kredit borcum ödənilib. Əməlimə görə peşimanam. Amma niyyətim bankı aldatmaq deyildi. Mənim imkanım yox idi pulu qaytarmağa. Bu gün şükr azadlıqdayam. Ölkə başçısına bizi bağışladığına görə minnətdaram”.
Bərdə rayon sakini K. İbrahimova azadlığa çıxdıqdan sonra qayıtmağa öz yuvası olmasa da atasının yurduna dönəcəyini söyləyib: "Mən ailə qurmamışam. Özümün ailəm yoxdur. Ona görə də ata yurduma gedəcəm”.
Movqe.az-ın əməkdaşının diqqətindən Kəklik İbrahimovanı azadlığa çıxdıqdan sonra qarşılayan kimsəsinin olmadığı da yayınmayıb: "Məni azadlıqda qarşılamağa kimsə gəlməsə də vağzala gedib ordan evimizə yollanacam". Cəzaçəkmə müəssisəsindən çıxan K. İbrahimova əlində iri çantalarla Dəmiryol vağzalına istiqamət alıb.
Qeyd edək ki ölkə başçısının əfv sərəncamı ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil olunub.