Yardımlının Rubensi | Bu yeniyetmənin istedadı sizi heyrətə gətirəcək - VİDEO

 Yardımlının Rubensi  | Bu yeniyetmənin istedadı sizi heyrətə gətirəcək -  VİDEO
  15 May 2023    Oxunub:5568
Səməd İsgəndərli Yardımlı rayonunun Şırıq kəndindəndir. O, 10-cu sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyan bu oğlanın rəsm çəkməyə böyük marağı var.
Səməd bu yaxınlarda rəngli karandaşlarla Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə portretini yaradıb. İstedadlı yeniyetmənin əl işində elə bir təbiilik var ki, sanki bunu həvəskar oğlan deyil, peşəkar rəssam boyalarla çəkib.

AzVision.az -a bu haqda açıqlama verən istedadlı yeniyetmə portreti 8 günə çəkdiyini deyib: “Uzun müddət idi ki, dərslərimə görə rəsmə ara vermişdim. Ulu Öndərin 100 illiyinə mən də töhfə vermək istədim. Vaxt az idi, 10 gün qalmışdı. Aprel ayının 30-u başladım, may ayının 8-i bitirdim. Şəxsi təşəbbüsümlə yaratdım. Heydər Əliyevin bu fotosunu seçməyim əbəs yerə deyildi. Oradakı baxışlar və üz cizgiləri əzimlidir. Şəkli kağız üzərində rəngli karandaşlarla çəkmişəm. Heç bir boyadan və kətandan istifadə olunmayıb”.


Səməd deyir ki, rəsm çəkmək onun üçün hobbidir. Hansısa kursa getməyib və müəllimi yoxdur: “Uşaqlıqdan həvəsim var idi. Karantin dövründə bacarığımı inkişaf etdirdim. Ailəmizdə rəssam yoxdur. Ancaq anamın bu istiqamətdə istedadı var".

Səməd Prezident İlham Əliyevin də rəsmini çəkib. Həmçinin, Vətən Müharibəsi qəhrəmanlarına, xarici və yerli aktyorlara həsr etdiyi portretlər var. O, hobbisini gələcəkdə peşəyə çevirəcəyini də istisna etmir.















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti