Ukrayna, İran və Türkiyədəki tələbələrimizin taleyi necə olacaq?

Ukrayna, İran və Türkiyədəki tələbələrimizin taleyi necə olacaq?
  16 May 2023    Oxunub:2077
Qəbul olunma şəraitindən asılı olmayaraq, xaricdə təhsil alan tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsi məsələsi daim səsləndirilir. Xüsusilə ötən ilin fevralında Ukraynada müharibənin başlaması, İranda kütləvi etirazlar, səfirliyimizə edilən hücum və son olaraq Türkiyədəki zəlzələnin yaratdığı fəsadlardan sonra bu məsələ daha da aktuallaşıb. Çünki valideynlər övladlarının təhlükəsizliyindən narahatdırlar və onların Azərbaydandakı ali təhsil müəssisələrinə köçürülməsini istəyirlər.
Elm və təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində bununla bağlı hər hansı xüsusi güzəştin nəzərdə tutulmadığı barədə qəti fikir bildirmişdi. Onun sözlərinə görə, məqsəd prosesin bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməsidir.

“Çünki ali məktəbə tələbə qəbulunun ədalətli şəkildə aparılması önəmli şərtdir. Məsələn, tələbə hansısa şəkildə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyd-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Lakin köçürülmə ilə bağlı qaydalar dəyişsə, bu, ayrı mövzudur. Hazırda ənənəvi qaydada həmin tələbələrin müraciət etmək hüququ var. Biz də meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq".

Elm və Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Köçürülmə məsələlərinə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.

Təhsil eksperti Kamran Əsədov əlavə edib ki, Elm və Təhsil Nazirliyinin mövcud qaydalara görə tələbi var. Həmin şərtlərdən biri tələbələrin DİM tərəfindən keçirilən imtahanlarda köçürülmək istədikləri ixtisaslara uyğun minimum keçid balı toplamalıdır və ya əllərində hər hansı beynəlxalq imtahanların nəticələri olmaldıır. Ekspert hesab edir ki, bu, doğru yanaşma tərzi deyil.

“Məsələn, Türkiyədə 22 minə yaxın azərbaycanlı gənc təhsil alır. Qardaş ölkədə oxuyan tələbələrin böyük hissəsini attestatla qəbul olan şəxslər təşkil edir. Bunun ardınca burs və dövlət proqramı çərçivəsində oxuyanlar gəlir. Zəlzələdən sonra müəyyən qədər Türkiyə universitetlərinə qəbulla bağlı valideynlər tərəddüd edirlər. Bu, təbii fəlakətdir və heç bir ölkə sığortalanmayıb. Amma onlar övladlarının təhsillərini Azərbaycanda davam etdirməsini istəyirlər.

Hesab edirəm ki, ali təhsil müəssisələrinə qəbulun qaydalarını asanlaşdırdığımız kimi köçürmək qaydalarını da sadələşdirmək lazımdır. Plan yerləri dolmayan universitetlərə, xüsusən özəl ali təhsil müəssisələrinə köçürülmə həyata keçirilməlidir. Bu, Azərbaycanda təhsil alanlara hörmətsizlik kimi başa düşülməməlidir. Çünki proses qoşulduğumuz Baloniya prosesinin tələblərinə uyğun həyata keçirilə bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti