Quduz qoyunları kəsib ailəsinə qonaqlıq verdi - Araşdırma başlanıldı

      Quduz qoyunları    kəsib ailəsinə qonaqlıq verdi -  Araşdırma başlanıldı
  17 May 2023    Oxunub:2165
Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

***
Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

AzVision.az xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib.

Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Baytarlıq İdarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.

Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb. İlkin ehtimala görə ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri ailə həkiminin nəzarətindədir və heç birində narahatlıq müşahidə olunmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Quduzluq  



Xəbər lenti