Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

      Tərəqqidən Zəfərə:    Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
  19 May 2023    Oxunub:1277
Böyük Azərbaycanlı

Hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni və milləti qarşısında xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər.

Dünya tarixində elə xalqlar var ki, onların taleyində bu xalqın içərisindən çıxan fenominal şəxsiyyətlər həlledici rol oynayır. Həmin şəxsiyyətlər milli və mənəvi birliyə xidmət edən ideya və əməlləri ilə sonralar əbədi olaraq yaddaşlara həkk olunur. Bu şəxsiyyətlərin ideyalarının başlıca məğzini onu yetişdirən millətin dərin sevgisi və həyatının sonuna qədər xalqına xidmət etmək zərurəti daxili ehtiyacı təşkil edir.

Bütün həyatını doğma xalqına həsr edən, qəlbi Azərbaycanla döyünən Ulu Öndər Heydər Əliyevin fundamental ideyaları təkcə cəmiyyətin inkişafı prosesində prioritet faktora çevrilmirdi, həm də xalqı, milləti öz ətrafında birləşdirərək milli maraqlar uğrunda səfərbər edirdi.

Böyük siyasi və idarəetmə istedadına malik olan Ulu Öndər dövlət quruculuğu və xarici siyasətin bütün istiqamətlərinə diqqət yetirdiyi kimi ölkənin hərbi, hüquq-mühafizə, məhkəmə və prokurorluq sahələrinə xüsusi önəm verirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi. XX əsrin sonlarında ölkəmizin yenidən əldə etdiyi dövlət müstəqilliyini, bərpa etdiyi dövlətçiliyini mövcud ictimai-siyasi böhran şəraitində qoruyub saxlaya bilməsi və inkişaf yoluna qədəm qoyması məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində mümkün oldu. Zaman Heydər Əliyevin nə qədər böyük siyasətçi, strateq və tədbirli dövlət başçısı olduğunu sübuta yetirdi.

Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi

Azərbaycana rəhbərliyinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev həm ölkənin inkişaf etdirilməsi, həm də bu regionda tarixi reallıqlara uyğun olaraq Azərbaycan faktorunun daha genişləndirilməsi üçün mühüm tədbirlər həyata keçirdi.

Vaxtı ilə Şuşa şəhərində Qarabağ diyarından çıxmış görkəmli ədəbi-tarixi şəxsiyyətlərin ev muzeylərinin yaradılması və onlardan bir çoxunun heykəlləri və ya büstlərinin ucaldılması dövlət səviyyəsində həmin istiqamətdə atılmış mühüm addımlar idi. Qarabağda yeni sənayelərin yaradılması zamanı azərbaycanlı mütəxəssislərin işə cəlb edilməsinə diqqət yetirilməsi də bölgədə azərbaycanlı əhalinin qanunauyğun balansının qorunmasına xidmət edirdi.

Heydər Əliyev özünəməxsus səriştə və təcrübə, hərtərəfli ölçülüb-biçilmiş siyasətlə ölkənin uğurlu perspektivinə hesablanan potensialını yaratmaq üçün sosial, iqtisadi, hərbi və mədəni quruculuq sahəsində kompleks inkişaf proqramlarını həyata keçirməyə başladı. Beləliklə, Azərbaycan tarixində Heydər Əliyevin adı ilə bağlı olan yüksəliş, tərəqqi və intibah dövrü başlandı.

Ulu Öndərin dövlətçilik konsepsiyasında ən mühüm müddəalardan biri Ordu quruculuğu tuturdu. Onun başlıca məqsədi Azərbaycan hərbi və iqtisadi cəhətdən qüdrətli respublikaya çevirmək idi. Heydər Əliyev keçmiş ittifaq dövründən başlayaraq böyük uzaqgörənliyi ilə milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verdi.

Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrlarının hazırlanmasına yönəldilən təşəbbüs böyük cəsarət tələb edirdi. Bu ideya yalnız xalqının gələcəyini düşünən, həyatını vətənin çiçəklənməsinə həsr edən dahi şəxsiyyətə mənsub ola bilərdi.

Zəngin, fitri idarəçilik təcrübəsinə və istedadına malik olan Heydər Əliyev sovet rejiminin bütün imkanlarından dərindən düşünülmüş, uzaqgörən siyasət və ustalıqla istifadə edərək Azərbaycanın düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq, həyatın bütün sahələrində respublikanın gələcək müstəqilliyinə xidmət etmək edəcək strateji layihələr, uzaqmənzilli proqramlar gerçəkləşdirmək üçün məqsədyönlü addımlar atmağa başladı.

Ulu Öndər cəmiyyətdə qanunun aliliyi prinsipinin bərqərar olması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə Azərbaycanın da daxil olduğu keçmiş İttifaq dövləti miqyasında böyük nüfuz qazandı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atıldı, cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edildi və bu tədbirlər hər yerdə əks-səda doğurmaqla yanaşı, təğbətlə qarşılandı.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycanda ali hüquq təhsilinin haqq-ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili, vətənpərvər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqşünas kadrların hazırlanmasında müstəsna əhəmiyyət kəsb etdi. Həmin illərdə ali hüquq təhsili almaq istəyinə qovuşmuş yüzlərlə kəndli övladı bu gün də Ulu Öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquq mühafizə sistemində millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir.

Ulu Öndərin müstəsna idarəçilik qabiliyyəti və strateji təfəkkürü sayəsində Azərbaycan öz tarixində hələ o vaxtadək görünməmiş böyük inkişaf yolu qəth etdi. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın gələcək siyasi müstəqilliyinin bünövrəsi yaradıldı.

Güclü Azərbaycan naminə

Ötən əsrin sonlarında Azərbaycanda qeyri-peşəkar idarəçilik səbəbindən xaos yaşanır. Daxili çəkişmələr, vətəndaş müharibəsi...Eyni zamanda böyük güclərin yaranmış vəziyyətdən istifadə cəhdləri ölkəni bir növ poliqona çevirmişdi. Torpaqların ardıcıl işğalı, bununla bərabər iqtisadi, siyasi, sənaye və hərbi sahədə böhran demək olar ki, bütövlükdə dövlətçiliyin gələcək müstəqil həyatına təhlükə yaradırdı. Azərbaycanın sözün bütün mənalarında xilaskara ehtiyacı vardı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın kövrək müstəqilliyinin möhkəmlənmə mərhələsinə başlanıldı, gələcək inkişafın strateji hədəfləri müəyyən edildi. Bununla da, bütün imkanlar vahid və ali məqsəd uğrunda - Güclü Azərbaycan naminə səfərbər edildi.

İlk növbədə daxili sabitlik təmin edildi. Beynəlxalq təşkilatlar regionun gələcək lider dövləti ilə əməkdaşlığa can atır, Heydər Əliyevi etibarlı tərəfdaşın əsas qarantı kimi qəbul edirdilər. Azərbaycan həqiqətləri dünyaya artıq təhrif edilmədən, olduğu kimi çatdırılırdı.

Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən respublikanı müstəqilliyinə hazırlamışdısa, ikinci dəfə artıq yenicə müstəqillik qazanmış, lakin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş ölkənin, xalqımızın əsrlərlə qəlbində yaşatdığı azadlıq ideologiyasını gerçəkləşdirərək müstəqilliyimizin sarsılmazlığını, əbədiliyini və dönməzliyini təmin etdi.
Müstəqil dövlətçiliyin ən mühüm dayaqlarından olan məhkəmə-hüquq və ədliyyə sisteminin yeni şəraitdə hüquqi-demokratik dövlət quruculuğu məqsədlərinə uyğun olaraq sağlam əsaslar üzərində formalaşdırılması Heydər Əliyevin uzaqgörən siyasətinin prioritetlərindən idi və bu istiqamətdə o, köklü islahatlar həyata keçirdi.

Heydər Əliyev hələ, 1990-cı ildə Naxçıvana rəhbərlik etdiyi dövrdə müstəqil dövlət yaradılması istiqamətində bir sıra addımlar atmışdı. İlk növbədə SSR ilə hərbi-iqtisadi ittifaq haqqında müqavilədən imtina edildi, Kommunist partiyasına məxsus orqanların fəaliyyəti dayandırıldı, Naxçıvanın adından Sovet Sosialist sözləri çıxarıldı, Ali Sovet isə Milli Məclis adlandırıldı, Üç rəngli bayrağımız dövlət simvolu kimi qəbul edildi.

1995-ci ildə ilk milli Konstitusiya qəbul edildi. Bu Konstitusiya hazırlanarkən dünyanın aparıcı dövlətlərin mütərəqqi konstitusiya təcrübəsi, beynəlxalq hüquq normaları, Avropa Şurasının tövsiyələri nəzərə alındı. Belə ki, Konstitusiyamızın 158 maddəsinin 48-i insan hüquq və azadlıqları məsələsinə həsr edilib.

Müstəqil Azərbaycanın Əsas Qanununun - Konstitusiyanın müəllifi kimi Ulu Öndər dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail oldu. Bu Konstitusiyaya əsaslanan islahatlar, ilk növbədə demokratik cəmiyyət quruculuğunun, insanların hüquq və azadlıqlarının təmininə, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallara xidmət etdi. Bu baxımdan, ölüm cəzasını ləğv, əfv və amnistiya institutlarını bərpa etməklə ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi həm demokratiya və hüquq qaydalarına sadiqliyini, həm də humanist siyasət apardığını göstərdi.

44 günə son qoyulan 30 illik həsrət

“Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Lider fenomeninə xas olaraq müstəqilliyi əbədi və dönməz edəcək, Azərbaycanın bir nömrəli problemini həll edə biləcək, başqa sözlə axıra çatdıra bilmədiyi taleyüklü məsələlərin həllini yekunlaşdıracaq ən etibarlı və ən dəqiq ünvanı məhz Heydər Əliyev göstərdi. Vədin yerinə yetirilməsi Azərbaycan xalqının milli şüurunda mənəvi dəyər göstəricisidir. 15 oktaybr 2003-cü ildən İlham Əliyev dövlət başçısı kimi verdiyi bütün vədləri yerinə yetirməklə həm də Ata vəsiyyətini reallaşdırmış oldu.

Qarşıdakı illərdə iqtisadi-sosial inkişafın təmin olunması, beynəlxalq münasibətlərin subyekti kimi mövqelərin möhkəmləndirilməsi, hərbi potensialın təkminlləşdirilməsi kimi təxirəsalınmaz işlər gözləyirdi. Ərazi bütövlüyün bərpası isə Azərbaycan dövləti və xalqı üçün milli qürur məsələsi idi. Rəsmi Bakı bu məsələnin diplomatik müstəvidə həllinə çalışır, amma hərb variantını da istisna etmir.

Müstəqilliyin 25-ci illiyində Azərbaycanın şanlı hərb tarixində yeni səhifə açıldı. Məqsədə hesablanan hərbi strategiya sahəsində dünyanın 50 güclü Ordusundan birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri Aprel döyüşlərində tarixi ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Beləliklə strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı Qarabağa “Böyük Qaydış”ın başlanğıcı oldu. Prinsipiallıq və yenilməz iradə, Azərbaycan xalqının milli maraqlarının məkan və zaman fərqi tanımadan qətiyyətlə müdafiəsi tarixin ədalətin bərpası gününü yaxınlaşdırırdı.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu.

Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsində təsbit olunan özünümüdafiə hüququndan istifadə edərək düşmənə qarşı bütün cəbhəboyu əks-hücuma keçdi. Bu Azərbaycanın tam və suveren hüquqi idi. Ordumuz öz ərazisində döyüşürdü, əməliyyatlar birmənalı şəkildə heç bir dövlətin ərazisinə toxunmur, birbaşa Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpasına xidmət edir, tarixi ədalət bərpa olunurdu.

Qisas döyüş meydanında, sərrast atəşlə və operativ qaydada alınırdı. Döyüş həm də informasiya cəbhəsində davam edirdi. Düşmən üçüncü tərəfi münaqişəyə cəlb etmək məqsədi ilə gah Türkiyənin prosesdə birbaşa iştirakını iddia edir, gah Azərbaycan Ordusunun tərkibində muzdluların döyüşməsinə dair əsassız ittihamlar səsləndirir, gah da münaqişəni dini müstəviyə keçirməklə regionda sivilizasiyalararası toqquşmalar yaratmağa can atırdı.

Lakin dünya ictimaiyyəti və beynəlxalq KİV münaqişə bölgəsi haqqında ən son məlumatları ən etibarlı birinci mənbədən, Azərbaycan Prezidentindən alırdı. Tərs suallar belə sərrast cavablarla zərərsizləşdirilirdi. 44 günlük Vətən müharibəsinin hər günü tarix yazılırdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişləri əsasında Azərbaycan Ordusu Ermənistanın qanlı cinayətinə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başladı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazandı.

Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs qələbə təkcə 44 gün ərzində qazanılmayıb. Bu qələbə və qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydə ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş, evindən didərgin düşmüş bir xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə Ümummilli liderin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyinin xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı tarixi andan başlanıb.

Bu qələbə Heydər Əliyevin Azərbaycanın dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu mərkəzlərlə səmərəli əməkdaşlıq müstəvisində qurduğu illərdən reallaşıb. Qələbə mənbəyini Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş iri miqyaslı işlərdən start götürülüb. Bütövlükdə bu qələbə Heydər Əliyevin Azərbaycana İlham Əliyev kimi sərkərdə bəxş etməsi sayəsində mümkün olub.

Nəticədə 30 il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişaf Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi zəfərin əldə olunması ilə yekunlaşıb.

< strong> Yazı Yeni Azərbaycan Partiyası “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi üçün təqdi edilir

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti