Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar olunub

      Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar olunub
  23 May 2023    Oxunub:2188
2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndinin ərazisinə həyata keçirilən ilk qazıntı zamanı I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilən dəfn yerlərində ekshumasiya prosesi nəticəsində kütləvi məzarlıqdan 4 şəxsin tam anatomik skeleti və 3 şəxsə aid olan meyit qalıqları götürülüb. Eyni zamanda, həmin məzarlıqda daha çox şəxsə aid meyit qalıqlarının olması ehtimalı öz təsdiqini tapıb və axtarış-qazıntı işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunub.
Bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə BQXK ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi qərara alınıb.

"Plan üzrə qazıntı işləri ötən ilin sentyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilib, həmin kütləvi məzarlıqdan əlavə olaraq 2, ora yaxın ərazidə isə tək-tək basdırılmış 3 nəfərə aid meyit qalıqları, 1 və ya daha çox şəxsə aid olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.

Ərazidə müəyyən edilmiş yeni sahə üzrə aparılmış qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkar olunub və ekshumasiya prosesində oradan 12 şəxsə aid tam anatomik skelet müəyyən edilərək götürülüb. Aşkar olunmuş artefaktlar Azərbaycan Ordusunun hərbi qulluqçularına aiddir".

İsmayıl Axundov xatırladıb ki, ötən ilin oktyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilən üçüncü axtarış-qazıntı prosesində daha bir kütləvi məzarlıq aşkar edilərək, 5 nəfərə aid meyit qalıqları götürülüb.

"Pilot layihənin qazıntı ilə bağlı son mərhələsi isə 2022-ci ilin noyabr ayında Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində aparılıb. Toplanmış məlumatlara əsasən, həmin ərazidə kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının əraziyə dağılmasının səbəbi işğal dövründə ərazinin əkin sahəsi kimi istifadə edilməsidir".

AzVision.az



Teqlər:



Xəbər lenti