"Minalarla mübarizəyə xərclənən vəsaitin 90%-dən çoxu dövlət büdcəsindəndir"

   "Minalarla mübarizəyə xərclənən vəsaitin 90%-dən çoxu dövlət büdcəsindəndir"
  27 May 2023    Oxunub:930
“Mayın 25-26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizdəki mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb”.
AzVision.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O, konfransın uğurla keçdiyini, Azərbaycanın mina probleminin və bu problemlə mübarizədə gördüyü işlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını vurğulayıb: “Konfrans 51 ölkədən 200-ə yaxın rəsmi şəxsin, keçmiş dövlət və hökumət başçılarının, bəzi ölkələrin parlament üzvlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, BMT-nin rəhbərliyində təmsil olunan şəxslərin, Azərbaycanın hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilib. Toplantının ilk günü Ağdam şəhərində keçirilib. Konfrans iştirakçıları Ağdam şəhərinə səfər zamanı 30 illik işğal dövründə Ağdamın necə fəlakətli vəziyyətə gətirildiyini öz gözləri ilə gördülər. Konfrans iştirakçıları həmçinin Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Daha sonra mina partlayışları nəticəsində aşağı və yuxarı ətraflarını itirmiş gənc insanlardan ibarət futbol komandasının oyununu izlədilər. Tədbirin növbəti günü Bakı şəhərində keçirildi. Beynəlxalq təşkilatların, bəzi dövlətlərin rəsmi şəxslərinin iştirakı ilə maraqlı hesabatlar aparıldı. Konfransın əsas məqsədi Azərbaycandakı mina probleminin miqyasını beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi”.


H.Səfixanov söyləyib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev toplantının ikinci günündə dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub: “Dövlət başçısının məktubunda qeyd edilib ki, Azərbaycan minalarla çirklənmiş ölkələr siyahısında ilk sıralardadır. Azərbaycan minalarla mübarizəyə sərf olunan vəsaitin 90%-dən çoxunu dövlət büdcəsindən ödəyir. Beynəlxalq təşkilatlardan hələ ki adekvat yardım ala bilmirik. 44 günlük Vətən müharibəsindən sonrakı müddətdə 302 Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 57 nəfər həlak olub, 245 nəfər isə yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib".



QHT rəhbəri vurğulayıb ki, konfransda beynəlxalq ekspertlər Azərbaycanın minalarla mübarizəyə sərf etdiyi qüvvə və vəsaitlərlə bağlı müsbət fikirlər səsləndiriblər: “Sonda isə konfrans iştirakçıları tərəfindən bəyannamə qəbul edilib və beynəlxalq ictimaiyyətə mina problemləri ilə bağlı çağırış olunub. Hesab edirəm ki, konfrans uğurla keçdi. Azərbaycanın mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ancaq Azərbaycandakı mina problemlərinin miqyası o qədər güclü səviyyədədir ki, biz bununla kifayətlənməməliyik və bundan sonra da mütəmadi olaraq öz fəaliyyətimizi davam etdirməli, beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində davamlı işlər görməliyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti