“Belarusa nüvə silahının verilməsi Polşanın planlarını pozmaq üçündür” – Minskdən baxış

   “Belarusa nüvə silahının verilməsi Polşanın planlarını pozmaq üçündür” –    Minskdən baxış
  29 May 2023    Oxunub:5073
“Belarus dilemma qarşısındadır. Ya böyük Rusiya hərbi kontingentinin yeridilməsi ilə cəmiyyət total hərbiləşdirilməli, ya da ora taktiki nüvə silahları yerləşdirilməlidir. Belarusun NATO ölkələri və Ukrayna ilə çox böyük təmas xətti var. Ukrayna ilə 1084 km, Polşa ilə 500 km-dən çox, Litva ilə 700, Latviya ilə isə 100 km-dən çox sərhədi var, yəni Ukrayna və NATO ölkələri ilə təxminən 2,5 min kilometr təmasdadır”.
Bunu AzVision.az -a açıqlamasında belaruslu politoloq Yuri Şevtsov deyib. Onun sözlərinə görə, belə uzun sərhədi qorumaq çox çətindir. İndi Ukraynada cəbhə xətti təxminən 1000-1500 kilometrdir. Ona görə də, Rusiya üçün Belarusa çoxsaylı qoşun hissələrini yerimək böyük problemdir. Mövcud resurslar xeyli artırılmalıdır.

“Ümumi hərbiləşdirmə Belarus üçün də böyük problemdir. Belarusun iqtisadi potensialı taktiki nüvə silahları saxlamağa, bu da öz növbəsində Rusiyaya Belarusda birbaşa zəruri hərbi mövcudluq dərəcəsini azaltmağa imkan verməlidir. İndi Belarus ordusunda 50 minə yaxın hərbi qulluqçu və 15 minə yaxın mülki şəxs var. Bundan başqa, əlavə rus qoşunları da gətirilib. Ümumilikdə onların 9 min nəfər olduğu güman edilir. Amma reallıqda sayları deyəsən, azdır. Bunu nəzərə alaraq, hansı dilemmadan söhbət getdiyini təsəvvür edə bilərsiniz”,- ekspert vəziyyəti izah edib.

Şevtsov deyib ki, Belarusa çoxları üçün gözlənilmədən gətirilən taktiki nüvə silahlarının daşıyıcıları ölkənin özünə aid olacaq. Onlara Belarus ekipajları xidmət göstərməlidir. Buna görə Minsk Rusiyadan taktiki nüvə başlıqlarını daşıya bilən “İsgəndər-M” kompleksləri də alıb. Bir sıra təyyarələrini təkmilləşdirib ki, onların göyərtəsində taktiki nüvə silahları daşına bilsin. Taktiki nüvə silahları 500 kilometrə qədər məsafəni nəzərdə tutur. Ancaq eyni zamanda, Rusiya nüvə silahlarının tam olaraq Minskin nəzarətinə verilməsindən söhbət getmir. Nüvə silahından istifadə qərarını Rusiya hərbçiləri verəcək, lakin bu qərara Belarusun da təsiri olacaq.

Taktiki nüvə silahlarının təhlükəsizliyi və mühafizəsi üçün xüsusi anbar hazırda tikilməkdədir. O, iyulun 1-də hazır olmalıdır. Yəqin ki, Rusiya taktiki nüvə silahları Belarusa anbar hazır olanda çatdırılacaq. Silahların bu anbarda yerləşdirilməsi ilə bağlı bütün məsələləri tənzimləyən müqavilələr artıq imzalanıb.

“Geosiyasi nöqteyi-nəzərdən Belarusa taktiki nüvə silahının yeridilməsi NATO-nun Belarusa birbaşa hücumu ehtimalı ilə bağlı niyyətlərini dayandırmalıdır. Belarusun birbaşa hərbi hücuma məruz qalmayan ölkəyə çevrilməsi o deməkdir ki, Polşa Rusiyaya qarşı sabit güclü blok yarada bilməyəcək. Polyaklar dənizlərarası ölkələrin ittifaqını (Qara və Baltik dənizləri arasında) yaratmaq məqsədlərini dəfələrlə dilə gətiriblər. Bu birliyə Belarus ərazisi də daxil olmalıdır. Belarus olmadan Baltikyanı ölkələr, Polşa və Ukrayna birliyi coğrafi baxımdan üç hissəyə parçalanır. Bu isə o deməkdir ki, belə bir blokun yaradılması planları təxirə salınır. Belarus ərazisi olmadan yeni Reç Pospolitiya yaratmaq ideyası geosiyasi reallıqdan çox, utopiyadır”, - Şevtsov bildirib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Belarus  





Xəbər lenti