Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar - Məşhurların kino yolu

  Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar -  Məşhurların kino yolu
  02 İyun 2023    Oxunub:1172
Dünya ulduzlarının heç də hamısı rahat və firəvan ailələrdə böyüməyib. Onlardan eləsi var ki, çox kiçik yaşlardan ailəsi tərəfindən zorakılığa məruz qalıb və ya yaxud da zəngin kişilərə satılıb. Bəzilərini isə doğm anaları narkotika aludəçisinə çevrib. AzVision.az bir neçə xarici aktrisanın həyatına nəzər salıb:
Bruk Şilds
Amerikalı aktrisa Bruk Şildsin karyerasının başlanğıcında onu anası Teri Şilds idarə edirmiş. Əvvəllər qadın aktrisa və model kimi çalışıb. Bruk 10 yaşı olanda anasının razılığı ilə Playboy Press üçün Harri Qrossun açıq-saçıq fotosessiyasında iştirak edib. Uzun illər sonra aktrisa fotoların və neqativlərin hüquqları üçün jurnalı məhkəməyə verməyə çalışıb, lakin məğlub olub.



O, 11 yaşında "Pretty Baby" filmində fahişə rolunu oynayıb. Filmin çəkiliş meydançasında qız 27 yaşlı aktyor Kit Kerradayn ilə öpüşməli olub. 2023-cü ilin martında aktrisa The Sunday Times qəzetinə verdiyi müsahibədə anasını qızının belə bir layihədə iştirakına icazə verdiyinə görə qınayıb.

"Anamın bunu niyə normal qarşıladığını anlaya bilmirəm", - ulduz deyib. Aktrisanın anası bütün həyatı boyu alkoqol asılılığından əziyyət çəkib. 2018-ci ildə "Net-a-Porter"ə verdiyi müsahibədə sənətçi daim valideynlərinin zorakılığı ilə üzləşdiyini xatırlayıb.



"Anam sərxoş olanda deyirdi ki, sən kök arxanı niyə təmizləmirsən?! Ondan sonra həmişə fikirləşirdim ki, mənim arxam iridir. 15 yaşımda çimərlik paltarlarında rol almışdım. Hətta o zaman da qəşəng fiquramın olduğuna inanmırdım", -Bruk deyib.

32 yaşında Bruk Şilds tennisçi Andre Aqassi ilə evlənib. Lakin onlar iki il sonra ayrılıblar. Müsahibəsində aktrisa anasından qaçmaq üçün bu münasibətə ehtiyac duyduğunu etiraf edib: “Anamdan ayrılmaq üçün Andreyə ehtiyacım var idi”.

Sənətçi ikinci dəfə 2001-ci ildə rejissor və prodüser Kris Hençi ilə evlənib. Onların iki qızı var.

2012-ci ildə Bruk Şildsin anası alkoqolizmin yaratdığı sağlamlıq problemlərindən dünyasını dəyişib.

Demi Mur

Daha sonra Demi Mur kimi tanınan Demetriya Cin Hayns 16 yaşında anası Virciniya Kinqlə birlikdə model və aktrisa kimi karyera qurmaq üçün Qərbi Hollivuda köçüb. Demi model kimi işə başlayanda anası yetkin kişilərin qızına olan diqqətini görməyə başlayıb. Qadın Demini də bu cür münasibətlərə təşviq edib. Hətta belə pərəstişkarlarından birinə qızını məktəbdən götürməyə və evə aparmağa razılıq verib. Nəticədə həmin kişi Demi Muru zorlayıb. İllər sonra aktrisa etiraf edib ki, Virciniya qızını 500 dollara satmağa razılaşıbmış. Bu barədə o, özünün "Inside Out" (Tərs üzünə) memuarında ətraflı danışıb: "Özümü evimdə məndən yaşca 2-3 dəfə böyük kişilərin tələsinə düşmüş kimi hiss edirdim".



Demi Murun anası alkoqol asılılığından əziyyət çəkirdi. Qadın tez-tez qızını özü ilə barlara aparırdı.



"Həyatımızda həmişə kişilər olub. Axşam gəzintiyə çıxanda çoxları Cinniyə və mənə diqqət yetirirdi (Mur kitabda anasını belə adlandırır). Yadımdadır, biz Qərbi Hollivud ərazisində bir Meksika restoranının barında oturmuşduq. Cinni çox içdi. Hər dəfə onu sərxoş görəndə özümü narahat hiss edirdim".

Aktrisa xatirələrində qeyd edib ki, anası ilə münasibətinə və baş verən zorlamaya görə sonradan kişilərlə sağlam münasibətlər qurmaq onun üçün çətin olacaq. Valideynə qarşı inamsızlıq və nifrət sənətçinin qəlbində həmişəlik qalacaq.

Cennet Makkardi
Aktrisa yeniyetmələr üçün "iCarly" serialında rol aldıqdan sonra şöhrət qazanıb. Keçən il o, anası Debra ilə münasibətindən bəhs edən "Mən şadam ki, anam öldü" adlı xatirə kitabını nəşr edib. Xatirələrində ulduz qeyd edib ki, anası 6 yaşı olanda ona aktrisa olmağı təklif edib. Çünki bu, qadının arzusu imiş, ancaq valideyinləri icazə verməyiblər.



O, qızını Nickelodeon layihələrində iştiraka təşviq edib. Cennet etiraf edib ki, anasının israrı ilə xaotik mühitə düşüb. Aktrisa kitabında yazır ki, Nickelodeonun şoumeni Dan Şnayder onu yeniyetmə ikən alkoqoldan sui-istifadə etməyə və aparıcını masaj etməyə məcbur edirmiş.

Debra Makkardi 2013-cü ildə xərçəng xəstəliyindən vəfat edib. Cenni etiraf edib ki, o anda özünü itirib
və bundan sonra nə edəcəyini bilməyib. Tezliklə qız müalicəyə gedib, bu da sağalmasına kömək edib.

Nickelodeon layihələrində rol aldıqdan sonra Cenni filmlərdə çəkilməyi dayandırıb. O, yaxın gələcəkdə ssenarist və rejissor kimi işləməyi planlaşdırır.

Cudi Qarlend

İkonik aktrisa Cudi Qarlend 2 yaş yarımlığından səhnədə olub. Bu işdə onu həvəsləndirən anası idi. O, Cudini çoxsaylı konsertlərə, eləcə də Bostonda məşhur gecə klubuna aparırmış. 1967-ci ildə Barbara Uolterslə müsahibədə Cudi Qarland uşaqlıqdakı çıxışlarından birini xatırlayıb. O, bildirib ki, mahnı oxumaq və rəqs etmək istəmirmiş, ancaq anası onu təhdid edirmiş.

"Mən balaca qız olanda o, səhnə arxasından izləyirdi. Əgər özümü pis hiss etsəydim və yaxud qussaydım, hədələyərdi. Deyərdi: "Çıx, oxu, yoxsa səni yatağın başlığına sarıb smüyünü sındıracağam". Buna görə də çıxıb mahnı oxuyurdum”, - deyə məşhur bildirib.



Aktrisanın bioqrafı Cerald Klarkın sözlərinə görə, Cudinin 10 yaşı olanda anası ona narkotika verirmiş. Qadın deyirmiş ki, narkotika qızının iş qabiliyyətini artırır və yuxusuna yaxşı təsir edir. Cudi Yeniyetmə olanda artıq narkotikadan asılı olmuşdu.

1937-1938-ci illərdə Cudi eyni vaxtda bir neçə filmdə iştirak edib. Yeniyetmə qız üç saat məktəbdə, iki saat məşqdə, sonra isə çəkiliş meydançasında olurdu. Çox vaxt onun iş günü səhər saatlarında başa çatırdı.

Cudi Qarlend ömrünün sonuna qədər narkotika aludəçisi olub. O, 22 iyun 1969-cu ildə 47 yaşında olarkən həddindən artıq dozadan ölüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kino   aktrisa   narkotika  





Xəbər lenti