"Ermənistan oğlumla görüşə icazə vermir, narahatıq" - Əsir Hüseynin anası

   "Ermənistan oğlumla görüşə icazə vermir, narahatıq" -    Əsir Hüseynin anası
  06 İyun 2023    Oxunub:2037
"Oğlumun "məhkəməsinin" keçiriləcəyini mətbuatdan öyrəndim. Bizə bu barədə kimsə şəxsən məlumat verməyib".
AzVision.az xəbər verir ki, bunu Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

"Bu barədə məlumatlı deyildik. Dünən xəbər tutduq ki, iyunun 9-da oğlumun "məhkəməsi" keçiriləcək. Çox narahatıq. Hüseynə məktub yazıb Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə vermişik. İki aydır ki, hansısa məlumat ala bilmirik. Bizə deyilir ki, Ermənistan hələ əsirlərlə görüşə icazə vermir. Ona görə də məktub onlara çatmayıb. Başqa çarəmiz yoxdur, gözləyirik", - deyə ana bildirib.

Qeyd edək ki, aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun "məhkəmə"si keçiriləcək. "İş" Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Napoleon Ohanyana verilib. Qapalı keçirilən dinləmə ilə bağlı hələlik qərar verilməyib. "Məhkəmə"nin hazırlıq iclası iyunun 9-u saat 16:00-a təyin edilib.

Qeyd edək ki, əsgərimiz yalançı iddialarla günahlandırılır. O, Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini "qətlə yetirməkdə" təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əsir  





Xəbər lenti