Qusarda vəziyyət necədir? – Deputat danışır

Qusarda vəziyyət necədir? – Deputat danışır
  30 May 2014    Oxunub:1404
“Dünən Qusarda güclü leysan yağışı yağıb, amma bu, böyük fəsadlar törətməyib”.
Bunu AzVision.az-a açıqlamasında Qusar rayonundan seçilən deputat Azər Badamov bildirib.

Rayondakı son vəziyyətin normal olduğunu deyən millət vəkilinin sözlərinə görə, Qubanın Yuxarı Düzdahi, Xuray və Yuxarı Ləyər kəndlərində bəzi evlərin zirzəmisinə su dolub.

“Düzdahi-Succur yolunu qismən sel aparıb. Xuraya gedən yolun da bir qismini sel yuyub. Hazırda rayon icra hakimiyyəti tərəfindən adı çəkilən ərazilərə texnika göndərilib və həmin fəsadların aradan qaldırılması istiqamətində işlər görülür”.

Qeyd edək ki, ötən gecə Quba rayonuna da yağan leysan yağışları fəsadlar yaradıb. Rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan intensiv yağışlar əhaliyə ciddi ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.

Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti