Media və dini təhlükəsizlik - İdeoloji quruluşun yazı ilə dəyişməsi
Qloballaşma dövründə din müəyyən bir əraziyə getdikcə daha az bağlı olur. Onun dinamikasının ənənəvi konfessional, siyasi, mədəni və sivilizasiya sərhədləri üzərində cərəyan etdiyini deyə bilərik. Qlobal dinamika nəticəsində din tarixi köklərdən qoparaq getdikcə daha çox transmilli, transetnikləşir. Lakin qloballaşmanın çağırış və təhdidləri sınaqdan keçirilməklə dünyəvilik prinsipləri pozulur. Bu baxımdan dövlət, vətəndaş cəmiyyəti və media dinlə bağlı məsələlərin maarifləndirilməsi istiqamətində daha konsentrasiyalı iş aparmalıdır.
Bundan başqa, ekstremizm və terrorizmin qarşısının alınması prosesində vətəndaşların dini məsələlər, dünyəvi dövlətin qanunvericilik əsasları, insan və vətəndaş hüquq və azadlıqları barədə məlumatlılığının artırılması mühüm rol oynayır. Bu baxımdan cəmiyyətin yuxarıda qeyd olunan bütün aktual problemləri ilə bağlı ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu artır. Onlar sosial münasibətlərdə sabitliyin qorunmasında mühüm amildir.
Bundan əlavə, internet və İT texnologiyalarının inkişafı ilə əlaqədar əhalinin internet resurslarından istifadə səviyyəsi yüksəlir ki, bu da müasir medianın internet saytlarında dinə aid materialların daha savadlı işıqlandırılmasını tələb edir.
İctimai şüur sferası vaxtaşırı tarixi biliklərin birbaşa saxtalaşdırılmasına əsaslanan manipulyasiyaların obyektinə çevrilir. Qədim zamanlardan din cəmiyyətləri birləşdirən və ya parçalayan amil olub və olaraq qalır. Dini dözümsüzlük, hətta müasir cəmiyyətlərdə belə, qardaş qırğınlarının və fəlakətlərin səbəbinə çevrilib. Dini hisslərin rədd edilməsi və dözümsüzlüyü və millətlərin dəyərləri qanlı müharibələrə, dövlətlərin və millətlərin parçalanmasına səbəb olub.
Bütün bunlar onu deməyə əsas verir ki, dini tolerantlıq məsələsi müasir cəmiyyətlərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Dini dözümlülük cəmiyyətlərin daxili sabitliyini və inteqrasiyasını təmin etmək, onları sarsıntılardan saxlamaq, xalqların və dövlətlərin parçalanmasının qarşısını almaq, nəhayət, xarici dini təsirin siyasi məqsədlərini (missionerlik, məzhəb hərəkatlarının yeridilməsi və yayılması) neytrallaşdırmaq üçün əsasdır. Dini tolerantlığın olmadığı halda cəmiyyətin dini və konfessional müxtəlifliyi parçalanmaya gətirib çıxara və onu daxildən zəiflədə, qanlı müharibələrə səbəb ola bilər.
Yerli mediada dini mövzuların işıqlandırılmasının xüsusiyyətləri
Müasir şəraitdə dini məsələlərin işıqlandırılmasında medianın rolunun öyrənilməsində mühüm sual, fikrimcə, belədir: Demokratik prinsiplərin və dəyərlərin formalaşması prosesində dini mövzuların işıqlandırılmasında KİV-in rolu nədən ibarətdir?
Birincisi, bu gün dinlə bağlı yerli mətbuatda dövlətin din sahəsində siyasəti, dini qurumların fəaliyyəti, ölkədə və regionda dini vəziyyət, milli təhlükəsizlik, ekstremizm, terrorizm, dinin yaranmasının səbəbləri, amilləri və nəticələri ilə bağlı məsələlər qaldırılır. Təbii ki, bu mövzular ilk növbədə təkcə Azərbaycanın deyil, dünyanın digər ölkələrinin də üzləşdiyi müasir çağırışlar və qloballaşma təhlükələri ilə bağlıdır. Bu cür problemlərin mətbuatda işıqlandırılması çox vacibdir, lakin onlar daha hərtərəfli öyrənilməyi, ümumilikdə obyektiv və etibarlı məlumatlar kimi oxuculara çatdırılmalıdır.
Azərbaycan - hər kəsə vicdan və dini etiqad azadlığının təmin edildiyi dünyəvi dövlətdir. Dövlət dinlə bağlı siyasətini dünyəvi və dini dəyərlər sistemləri arasında harmonik birgəyaşayış və qarşılıqlı hörmət əsasında həyata keçirir. Bundan əlavə ölkədə davam edən dini durum müasir mediadan dini məsələlərin işıqlandırılmasında köklü yeni yanaşma və metodlar işləyib hazırlamağı, o cümlədən dini vəziyyətin yaxşılaşdırılması üçün dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətində həlqə çevrilməsini tələb edir.
İkincisi, dinlə bağlı nəşrlərin əksəriyyəti xəbərlərdə işıqlandırılır və analitik nəşrlər çox azdır. Burada əsasən təhlükəsizlik, dinşünaslıq, ilahiyyat sahəsində ekspert və mütəxəssislərin rəyləri, habelə dövlət orqanlarının, akademik və mülki icmaların nümayəndələrinin rəyləri yer almalıdır.
Üçüncüsü, yerli KİV-lərin əksər nəşrləri heç də həmişə jurnalistikanın ümumi prinsip və normalarına, eləcə də medianın özünün bəyan edilmiş prinsiplərinə riayət etmir.
Hazırda media dünyəvi dövlətdə dini münasibətlər sahəsində münaqişələrin və ya konstruktiv dialoqların səbəbkarına çevrilə bilər. Bu baxımdan, bu gün bütün yerli KİV məsuliyyət hiss etməlidir ki, onların sözləri cəmiyyətdə sabitliyin və əmin-amanlığın yaranmasına, çoxkonfessiyalı və çoxmillətli əhalinin inteqrasiyasına töhfə verə bilər, həm də onu parçalaya bilər.
Təhlükə ondan ibarətdir ki, media və jurnalistlər dinlə bağlı sadə faktlardan, insanların həyatının dini xüsusiyyətlərindən siyasi məqsədlər üçün istifadə edə bilirlər. Bundan başqa, jurnalistlərin din problemlərinin işıqlandırılmasında peşəkarlıq səviyyəsi bütövlükdə ölkədəki dini duruma ciddi təsir göstərəcək. Bu baxımdan ölkədə dini durumun yaxşılaşdırılması üçün dövlət, vətəndaş cəmiyyəti institutları və media qarşılıqlı faydalı siyasət həyata keçirməlidir.
Dövlətin dinə münasibəti və KİV
Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bunun nəticəsində ölkədə din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır.
Dövlət dini sahədə siyasətinin həyata keçirilməsində bir neçə prinsipi rəhbər tutur: Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Qəzet və jurnallar cəmiyyətə təsir göstərən əsas vasitələrdən biridir. Televiziyadan fərqli olaraq, çap mediası tolerantlıqla bağlı məsələləri daha geniş işıqlandırır. Odur ki, müasir yerli media dini mövzuları dərc edərkən Konstitusiyada yazılanları mütləq nəzərə almalıdır.
Ona görə də dövlət, vətəndaş cəmiyyəti və media hər zaman qarşılıqlı fayda üçün əməkdaşlıq etməlidir. Burada KİV-lər ölkədəki dini vəziyyətlərin və dünyəvi şəraitdə dinə və demokratiyaya konstruktiv münasibətin həllində məsuliyyət daşımalı, respublikada siyasi sabitliyin qorunmasında fəal iştirak etməlidirlər.
Təbii ki, qloballaşma şəraitində medianın ictimai münasibətlərdə sabitliyin qorunmasında böyük rolu var, lakin potensial olaraq mənfi rol da oynaya bilər. Bu baxımdan müasir şəraitdə dövlət, vətəndaş cəmiyyəti institutları və media hər zaman qarşılıqlı faydalı əməkdaşlıq etməlidir.
Əməkdaşlıq çərçivəsində media ölkədəki dini vəziyyətlərin tənzimlənməsi və cəmiyyətin demokratikləşməsi prosesində dinlə bağlı konstruktiv dialoqların qurulmasında məsuliyyət daşımalı, respublikada siyasi sabitliyin qorunmasında fəal iştirak etməlidir.
Odur ki, tolerantlığı jurnalist fəaliyyətinin prinsiplər sisteminə daxil olan bir prinsip kimi nəzərdən keçirmək lazımdır. Beləliklə, jurnalistin tolerantlıq prinsipini belə formalaşdırmaq olar: jurnalist cəmiyyətin subyektlərinin inkişafı üçün öz işində sosial davranış və modellərin müxtəlifliyinə tolerant münasibət göstərməlidir.
Qloballaşma dövründə dinlərin əhəmiyyəti sürətli dəyişikliklər, qeyri-sabitlik və parçalanma fonunda qiymətləndirilməlidir. Din sayəsində bir çox insanlar həyat və onun mənası ilə bağlı mürəkkəb məsələlərə rasionalist mövqelərdən qaneedici cavab verə bilməyəcək qədər dərk edir.
Dinlə yarana biləcək problemlərin həllində əsas yük jurnalistlərin öz çiyinlərinə düşməlidir. Bu ziddiyyətlərin həlli tolerantlığa və peşəkar sferada dağıdıcı konflikt vəziyyətlərini həll etmək bacarığına əsaslanan jurnalist şəxsiyyətinə xüsusi peşəkar dözümlülük tələb edir. Üstəlik, jurnalist bu nəticəni ancaq “fərqli” nöqteyi-nəzəri dərk etməklə və peşəkar doqmatizmdən imtina etməklə əldə edə bilər.
Bunun üçün o peşəkar formada özünü inkişaf etdirməli və hadisələri dərhal dərk etmək qabiliyyətinə malik olmalıdır. Çünki, din ideolojidir və bir insanın beynində formalaşır. İdeoloji quruluşun verdiyi yalnız əmri isə yalnız ağıllı və dərk edən beyinin yaydığı məlumatda qarşısını almaq və düzgün istiqamətə yönləndirmək olar.
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


