Millət vəkili: Regionda sülhə qarşı çıxanların sayı az deyil

   Millət vəkili:    Regionda sülhə qarşı çıxanların sayı az deyil
  16 İyun 2023    Oxunub:1371
Bu gün Milli Məclisin cari məsələlərə həsr olunmuş plenar iclasındakı çıxışında deputat Sahib Alıyev Ermənistanın Azərbaycana qarşı dünənki silahlı təxribatına da toxunaraq, bundan yan keçə bilmədiyini deyib. Ona görə ki, Şərqi Zəngəzurda cari problemlərin həlli regionda sabitliyin və təhlükəsizliyin təminatı ilə sıx bağlıdır.
Məhz dünən, xalqımızın Milli Qurtuluş Gününü qeyd edərkən, iyulun 21-də Brüsseldə üçtərəfli danışıqların keçiriləcəyi, buna hazırlıq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona gedəcəkləri açıqlanandan sonra Laçındakı nəzarət-buraxılış məntəqəmizin atəşə tutulmasını Sahib Alıyev indiyədək törədilən təxribatların azğıncasına davamı kimi qiymətləndirib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Laçın” nəzarət-buraxılış məntəqəsini atəşə tutan iki snayperin məhv edildiyini bildirdiyi halda, Ermənistanın hələlik susması bu təxribatı törədənlərin regionda sülhün yaranmasını arzulamayan hansısa ölkənin kəşfiyyat-diversiya qrupu olduğunu göstərir.

“Təəssüf ki, bu regionda sülhə qarşı çıxanların sayı heç də az deyil ki, onlardan da ikisinin- İran və Fransanın Ermənistanda hərbi təlimatçıları da var. Amma bu, daha çox 1905-ci ildə kazaklara təxribat törətdirməklə məqsədlərinə çatanların dəst-xəttinə bənzəyir. Məhz həmən ölkənin ekspertləri və hətta rəsmiləri artıq açıq şəkildə bildirirlər ki, Azərbaycanla Ermənistan arasında sülh, Qarabağdakı haydillilərin reinteqrasiyası Qafqazdakı mövcudluqları üçün təhlükə yaradır. Onların deməklərindən çıxan məntiq budur ki, özlərini rahat hiss etmələri üçün bu region təhlükə içində, qarşıdurma vəziyyətində yaşamalıdır”, - Sahib Alıyev vurğulayıb.

Hadisələrin arxasında məhz bu reallığın dayandığını əsaslandırmaq üçün, parlament üzvü həmkarlarının diqqətini bu il aprelin 11-də Dığ kədindən mövqelərimizin atəşə tutulmasına cəlb edib.

- Onda, çox təəssüf ki, 3 hərbiçimiz şəhvid oldu. Həmən təxribatdan iki gün ötən kimi Ermənistan baş naziri ölkəsinin Laçınla sərhədlərinin 12 kilometrini Rusiyanın qoruyacağını bildirdi. Belə görünür ki, Moskva təkcə Zəngəzur dəhlizini deyil, Ermənistandan Xankəndinə gedəcək yolu da, başlanğıcdan ta sona kimi tam kontrol altında saxlamaq istəyir. Dünənki təxribat da fikrimcə, Ermənistanın Azərbaycanla sərhədlərinə kontrolu da öz əllərinə almaq istəyənlərin prosesi tezləşdirmək niyyətindən qaynaqlanır. Halbuki, 1992-ci il sentyabr anlaşmasına görə Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanın ancaq Türkiyə və İranla sərhədlərini qorumalıdır” , - deputat bildirib.

Sahib Alıyev onu da deyib ki, arxasında kimin durmasından asılı omayaraq Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilən dövlət terror aktına görə istənilən halda Ermənistan məsuliyyət daşıyır və forpostluğu onu bu məsuliyyətdən azad etmir.

Millət vəkili Tərtər rayonunun Sarıcalı kəndində seçiçilərlə görüşdə insanların böyük su, özəlliklə də içməli su qıtlığı ilə üzləşdikləri barədə müraciətlərini də diqqətə çatdıraraq, bu problemin ilk növbədə məhz Sərsəngdən suyun buraxılmaması ilə bağlı olduğunu söyləyib. Halbuki bu problemin həlli müstəvisində erməni tərəfi ilə ilin danışıqlar da aparılmışdı.

“Xatırladım ki, bizim uyğun qurumların mütəxəssisləri Qarabağdakı haydillilərlə Sərsəng su anbarının daha optimal istismarıyla bağlı görüşüb danışmışdılar. Amma haydillilər sonra ünsiyyətdən qaçdılar. Çox ehtimal ki, Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını deməsindən sonra gecə saat 11-də Xankəndindəki uydurma parlamenti toplayaraq bu açıqlamanı pislətdirənlərin, yəni Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinin təhriki ilə belə davrandılar” , - Sahib Alıyev bildirib.
AzVision.az



Teqlər:



Xəbər lenti