"Nazir müavini 10 milyon vətəndaşımızla məzələnir" - Fazil Mustafa

   "Nazir müavini 10 milyon vətəndaşımızla məzələnir" -    Fazil Mustafa
  04 İyul 2023    Oxunub:2098
"Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Tarif Şurası dərmanların qiymətlərinə yenidən baxacaq

"İndi bu mövzuda səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib.
Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki, bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!. Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur", deputat bildirib.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanunda dəyişikliklə bağlı müzakirələrdə əsas məqsədin dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığının təmin olunması olduğunu deyib. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq.

Nazir müavini vurğulayıb ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir. “Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir”, - deyə Rasim İsmayılov vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Dərman   Qiymət  



Xəbər lenti