Azərbaycana ən çox İrandan zərərli bitki gətirilir
"İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib".
Q.Təhməzli vurğulayıb ki, bir çox hallarda Agentliyin nəzarət dairəsinə aid məhsulların ölkəmizə idxalı zamanı idxalatçı subyektlər tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin öncədən öyrənilməməsi ciddi problemlər yaradır. Problemlərin aradan qaldırılması üçün xarici ticarət iştirakçılarının AQTA-nın rəsmi internet səhifəsindəki məlumatlarla tanış olmaları zəruridir.
Agentlik sədri bildirib ki, bəzən də məhsullar respublikamıza digər dövlətlərdən ixrac edilməmişdən əvvəl ölkəmizdə tələb olunan təhlükəsizlik göstəriciləri zərərvericilər və heyvan xəstəliklərinə görə müayinə edilmir. Sahibkarın xarici ölkələrdə bağladığı müqavilə şərtlərinə əsasən, məhsulların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlandıqda, geri qaytarılması tənzimlənmir. Bu isə məhsulların idxalı zamanı uyğunsuzluqların aşkarlanmasına və geri qaytarıla bilmədiyinə görə məhv edilməsinə səbəb olur.
Eyni zamanda AQTA sədri deyib ki, qida və yem məhsullarının yeni idxal qaydaları hazırlanıb. Təsdiq olunduqdan sonra bu qaydaların tətbiqinə başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində “Qida təhlükəsizliyi haqqında” Qanunla əlaqədar idxaldan əvvəl bildirişin, idxaldan sonra sənəd, eynilik və fiziki nəzarət tədbirləri nəticəsində idxal sağlamlıq aktının verilməsi funksiyası yaradılıb. Həmçinin yeni Qanunla bağlı “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı” təsdiq olunub.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


