Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə qəbul olunan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə görülən və bundan sonra görüləcək işlər barədə məlumat verən Aparat rəhbəri bildirdi ki, bu Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin Sərəncamda Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilməsi qeyd olunub. Proqramın icrası üçün Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı qəbul edilib. Proqram çərçivəsində işlərin gedişinə nəzarətin səmərəli təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması tapşırılıb.
Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı boyukqayidish.gov.az portalının təqdimatını etdi. Bildirdi ki, Dövlət Proqramında 6 prioritet üzrə 25 fəaliyyət istiqaməti müəyyən edilib və 188 tədbirin icrası nəzərdə tutulur. İİTKM-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə “Metodoloji çərçivə” hazırlanıb.
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib və video təlimat hazırlanıb. Hibrid formatda keçirilən təlimlərdə Dövlət Proqramının icrasında iştirak edən 44 dövlət qurumunun 200-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən müvafiq məlumatlar portalda yerləşdirilir. Bu məlumatlar əsasında İİTKM tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək.
Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsində səmərəliliyin yüksəldilməsi və digər məsələlər müzakirə olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


