Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

   Medianın üz qaraldan “sarı”lığı    | Polkovnik Rövşən Məhərrəmovun yazısı
  13 İyul 2023    Oxunub:4641
Rövşən Məhərrəmov

Mətbuatımızda “sarılıq” xəstəliyi vaxtaşırı özünü bürüzə verir: şayiə yaymaq, qalmaqal yaratmaq, mənəvi-əxlaqi dəyərlərə hörmətsizlik göstərmək və digər bu kimi yaramazlıqlar qeyri-ciddi məzmunu, konyunkturaçı mövqeyi, umacaqlı yazıları ilə seçilən çap və onlayn media subyektlərində vaxtaşırı yer almaqdadır.
Şəxsi qərəzlilik və merkantil maraqlar zəminində, ya da sifariş əsasında baş verən belə hallara cəmiyyətdə ciddi, obyektiv mətbu orqan kimi qəbul olunan bir nəşrdə rast gəlmək isə təəssüf doğurur. “Unikal” qəzetində iyulun 12-də dərc edilmiş “Prezidentin tapşırığından kənara çıxan Əli Əsədov bu "cəsarəti" haradan alır?” başlıqlı yazı və onun içinə illüstrasiya kimi yerləşdirilmiş fotonmontaj nümunəsi barədə də bunu deməyə məcburuq.

Həmin yazıda 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisə ilə əlaqədar Nazirlər Kabinetinin ünvanına söylədiyi tənqidi fikirlərə istinad edən müxbir Baş nazir Əli Əsədov barədə özünün şəxsi subyektiv mülahizlərini ictimailəşdirib və bu zaman qeyri-etik ifadələr işlətməklə yanaşı, həm də həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumat yayıb. Üstəlik, qəzetdə həmin yazıya illüstrasiya olaraq Baş nazirin fotomontaj üsulu təhrif edilmiş şəkli də yerləşdirilib.

Əvvəla, təkcə “Unikal”ın deyil, bəzi qeyri-ciddi media resurslarının da qərəzkarlıqla vaxtaşırı “müracət etdiyi” bu fotonun orijinalı Fəxri xiyabanda çəkilib. Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi, Ulu Öndər Heydər Əliyevin məzarı önündə baş əymək, ehtiram bildirmək normal haldır və Əli Əsədov kimi milyonlarla azərbaycanlı bunu özünün mənəvi borcu sayaraq məhz belə də hərəkət edir.

İkincisi, Ulu Öndərin xatirəsi Əli Əsədov üçün xüsusilə əzizdir, unudulmazdır: ali təhsil aldığı dövrdən başlamış ta ali dövlət hakimiyyətində yüksək vəzifəyə layiq görülənə kimi həyatının ən mühüm dövrlərində o, daim Heydər Əliyevdən misilsiz qayğı görüb, bu dahi şəxsiyyətdən insanlıq və dövlətçilik dərsi alıb, zəngin dünyagörüşü əxz edib.
Tarixi ənənələrimiz, milli-mənəvi dəyərlərimiz bizə ustadlarımız, müəllimlərimiz qarşısında təzimdə durmağı, onların müqəddəs ruhu önündə baş əyməyi öyrədir. Bu adəti, belə nümunəvi davranışı rişxənd, lağ, təhqir obyektinə çevirmək həm mənəviyyatsızlıqdır, həm də müvafiq orqanlar tərəfindən cinayət təqibi aparılmasına əsas verən qanunsuz bir əməldir.

Üçüncüsü, Ulu Öndərin məzarı önündə Əli Əsədovun həm bir vətəndaş, həm də dövlət xadimi kimi sayğı duruşunu əks etdirən fotoşəklinin öz orijinalından “kəsilib götürülərək” və məlum fotoşop texnologiyası ilə bir az da “əydirilərək” təhrif edilməsi saxtakarlıq və qərəzkarlıqdır.

Ümumilikdə isə, sözügedən yazı və illüstarsiya ölkəmizdəki mövcud media qanunvericiliyinin tələblərinə və jurnalistlərin etik davranış prinsiplərinə ziddir. Öz imicini və nüfuzunu qorumağı vacib sayan, peşəkarlığına xələl gətirmək istəməyən media subyekti səhvini dərhal aradan qaldırmalıdır.

Eyni zamanda, müvafiq dövlət qurumlarının bu faktı araşdırıb tədbir görməsi də vacibdir.


Teqlər: Media  



Xəbər lenti