Sonra bildim ki, Afrikanın "evi" çoxdan yıxılıb...

Anoreksiya, anemiya, epidemiya: Afrikanı kimlər bu vəziyyətə saldılar?

   Sonra bildim ki, Afrikanın "evi" çoxdan yıxılıb...
  15 İyul 2023    Oxunub:1446
Məktəb illərində siyasi xəritə ilə ilk tanışlığımda Afrika ölkələrinin sərhədləri diqqətimi cəlb etmişdi. Həm əraziləri təxminən bərabər idi, həm də sərhədlər bənna işi kimi düppədüz çəkilmişdi. O zaman bir şagird olaraq bu vəziyyət mənə sadəcə maraqlı gəlmişdi, lakin illər sonra bunun necə dəhşətli və qanlı səbəblərinin olduğunu öyrənəcəkdim...
Fikrimcə, insanlarda ən zəif inkişaf etmiş duyğu empatiya hissidir. Təəssüf ki, başqalarının keçirdiyi hisləri yalnız özümüz keçirəndə daha yaxşı anlayırıq... Azərbaycan ərazilərinin qanunsuz işğal edilməsi, 30 il əsarətdə saxlanılması, sərvətlərinin talan edilməsi, indi də sülh prosesinə və Zəngəzur dəhlizinin açılmasına ciddi-cəhdlə mane olunmasını görəndə məzlum Afrika yadıma düşür...

Əsrlərdir dünyaya “demokratiya” mühazirələri deyən, kralları, monarxları üçün hər saniyə milyonlar xərcləyən, hər qrumunun milyardlarla büdcəsi olan Avropa ölkələri guya indi xəbər tuturlar ki, neft borularının üzərində, qızıl və almaz mədənlərinin ətrafında oynayan afrikalı uşaqlar acından ölürlər. Bu qitədə hər qram sərvət üçün milyonlarla günahsız insan qətlə yetirilib, ac və susuz saxlanılıb.

Öz ölkələrinin “qan qiymətinə” restoranlarını, asfalt örtüyünü ən təsirli üsullarla reklam edib milyonlarla turist cəlb edən Avropa nədənsə səfalı Afrikanı quraqlıq, epidemiya yayılmış, səfalət içində boğulan ərazi kimi təqdim edir.

Keçən il Malidə gənclərlə keçirilən görüşdə gənc tələbə illərlə yeritdiyi müstəmləkəçilik siyasətinə görə Afrikada “istənilməyən adam” elan olunan Fransa prezidenti Makronun “boğazını qurutdu” .

Görüşdən bir həftə öncə “Fransa olmasaydı Mali olmazdı” deyən Makrona malili tələbə "həyat dərsi"i keçdi. Gənc tələbənin Makona sillə kimi dəyən sözləri belə idi: “Maliyə kömək etmək üçün gəldiyinizi söylədiniz. “Sahəl bölgəsinə gəlməsəydik, indi Malidə hökümət olmayacadı” deməyi sevirsiniz. Amma Afrika olmasaydı,Fransanın da olmayacağını söyləmək istəyirəm. Biz asılıyıq, bizə kömək etməyə gəldiyinizi söyləməyi buraxın artıq. Çünki terrorizm sadəcə Mali üçün təhlükə ərz etmir. Sizi də təhdid edir. Bizi qurban vəziyyətinə salaraq günahkar hiss elətdirməkdən əl çəkin".

Makronun afrika ölkələrinə builki səfərləri də eyni səpkidə keçib və getdiyi yerlərdə əhalinin "rədd ol" şüarları ilə qarşılaşıb...


***
Bu gün isə məni üzən xəbər Nigeriyada qida sektorundakı ağır vəziyyətə görə fövqəladə vəziyyət elan olunması oldu. Ölkə prezidenti Asivaju Bola Ahmed Tinubu bildirib ki, Nigeriyada iyulun 13-dən fövqəladə vəziyyət hökm sürür. Yeraltı sərvətləri və əsrarəngiz təbiəti ilə cənnətə bənzəməli olan Afrika indi qitə sakinlərinin cəhənnəminə çevrilib.

Afrikanın indi yox, avropalılar tərəfindən kəşf olunanda “evi yıxılmışdı”. Afrika bu gün qan azlığından əziyyət çəkir. Qitəlilərin gücündən Amerikada qul əməyi kimi istifadə olundu, sərvəti kral və kraliçaların taxtının bəzəyinə sərf edildi, bir az qalmış dözümünü isə daxili çəkişmələrdə tamamilə yox etdilər...Sonra da afrikalıların qanına batmış əllərini rahatca ürəklərinin üzərinə qoyub dünyaya "ədalət"dən dərs keçdilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Afrika  



Xəbər lenti