Aqil Abbas Süni İntellektdən qorxur, İbrahim Nəbioğlu isə heyrandır... - SORĞU

 Aqil Abbas Süni İntellektdən qorxur, İbrahim Nəbioğlu isə heyrandır... -  SORĞU
  17 İyul 2023    Oxunub:3912
Den Braun "Başlanğıc” romanında Süni İntellekti "yeni tanrı" adlandırır və kompüterlər vasitəsilə yeni bir dinin formalaşdırılacağı fikrini irəli sürür. İlk dəfə 1956-cı ildə Dartmut konfransı zamanı istifadə olunan bu termin müasir həyatımızın ayrılmaz hissəsinə çevrilib. Günümüzün insanı artıq Süni İntlellektdən müsahibə alır, onunla məsləhətləşir və işini sürətləndirmək üçün köməyindən istifadə edir. OpenAI şirkətinin "GPT-4" adlı süni zəka əsaslı dil modeli aylardır ki, Azərbaycanda da geniş müzakirələrə səbəb olub.
AzVision.az müxtəlif sahələri təmsil edən tanınmış şəxslərin Süni İntellektə münasibətinin nə yerdə olması ilə maraqlanıb.

Jurnalist, publisist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu:

- Süni İntellekt maşın və mexanizmlərə, robotlar və robotik sistemlərə insan kimi qoyulan tapşırıqları yerinə yetirmək, toplanılan təcrübədən öyrənmək və yeni datalara uyğunlaşmağı mümkün edən sistemlərdir. Süni İntellekt insan zəkasını təqlid edə və topladığı datanın köməyilə özünü təkmilləşdirə bilir. Böyük həcmli dataları ağıllı alqoritmlər və iterativ emal ilə birləşdirərək işləyir.
Termin kimi 1956-cı ildə ortaya atılan Süni İntellekt püxtələşə-püxtələşə, inkişaf edə-edə yarım əsrlik nisbətən yavaş yüksəliş dövründən keçdi. İnternet erasının başlamasıyla heybətli və ehtişamlı inkişaf perioduna girdi. Fərdi olaraq hər insanın gündəlik həyatına ehmalca girsə də, çoxumuz onun bəşəriyyəti necə fərqli bir şəkilə salacağından xəbərsizik. İnsanoğlu hələ ki, olayları tamaşaçı olaraq seyr edir. Ancaq elm dünyasının dahiləri, texnologiyanın quruları inqilab üstünə inqilab edirlər.


Bu inqilablardan biri son zamanlar haqqında çox danışılan "ChatGPT"dir. "OpenAI" şirkətinin məhsulu olan "ChatGPT"nin istifadəçilərindən biri də bəndənizdir. İlk çıxdığı gündən bəzi təcrübələrimi sosial şəbəkədə yaymağı özümə borc bilirəm. Süni İntellekt artıq bu dünyanın "olmazsa olmaz"ıdır, hava və su kimi vacibdir. Məsələn, nəhəng məlumatları analiz etmək, qavramaq və istifadə etmək artıq insan beyninin edə bilməyəcəyi, aşa bilməyəcəyi bir şeydir. Süni İntellekt sayəsində bu qlobal problemi həll etməyə başlamışıq.

Biz texnoloji yenilikləri tam qavraya bilmədiyimiz kimi, ondan qorxuruq, onları cinlə, şeytanla, xurafatla yan-yana qoyuruq. “İşsiz qalacağıq” deyib, saçyolduya çıxanlar bir əvvəlki texnoloji səviyyədə sanki uca dağlar yaratmışdılar. Bu qəbildən insanları ötən əsrin 20-30-cu illərində təyyarədən qorxub, ona minməkdən imtina edənlərə bənzətmək olar. O vaxt təyyarəyə minməyənlər nə qədər geridə qaldılarsa, bu gün robotlardan, onların intellektindən çəkinənlər də uduzacaq, dəstədən geri qalacaqlar. Bəli, şübhəsiz ki, yeni texnologiyalar “dəstədən geri qalanların” həyatını çətinləşdirəcək. Ancaq bütün bunlara təbii seleksiya kimi baxsaq, ortaya daha bacarıqlı insan növünün çıxmasının qarşısını heç bir vəchlə almaq mümkün olmayacaq. Süni İntellektdən qorxmaq zamanla ayaqlaşa bilməmək, yatağa çəkilib dünyanın sonunu - Apokalipsisi gözləməkdir. Süni İntellektdən qorxmaq xəyal qurmaqdan qaçmaq, sabaha olan ümidlərin puç olması deməkdir. Çünki gələcək çox tez gələcək və gələcək elmlə gələcək!

Həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov

- Gələcək Süni İntellektindir. Elə bir zaman yetişəcək ki, süni intellekt bizi idarə edəcək. Bəzən insanlar qorxur ki, robotlar onları işssiz qoyar. Anlamaq lazımdır ki, yaşamaq uğrunda mübarizə gedir. Ağıllı, əməksevər adamlar özünə iş tapacaq. Ən azından Süni İntellekt üzərində təkmilləşəcək. Tənbəl isə elə indi də işsizdir.


Gələcək 3 istiqamətdə: Süni İntellekt, gen mühəndisliyi və kosmosun fəthi istiqamətlərində inkişaf edəcək. Mən "ChatGPT"dən istifadə edirəm. Təbii ki, çatışmazlıqlar çoxdur. Ancaq bu gün elm hər saat təkmilləşir. O dərəcədə təkmilləşəcək ki, hamı bu botların köməyindən istifadə etməyə məcbur olacaq. Süni İntellekt bu gün insanı üstələyir. Məsələn, maşına quraşdırılan naviqator insandan daha dəqiqdir. Bu gün şahmat oynayan Süni İntellektə qalib gəlmək mümkün deyil.

Millət vəkili Fazil Mustafa:

- Süni İntellekt müasir, modern texnologiyanın ən son sistemidir. Hər halda, çalışıram ki, izləyim, təqib edim. Hələ ki, xüsusi formada istifadə etmirəm. Amma informasiyaları, yenilikləri izləyirəm. Hesab edirəm ki, faydalıdır, vacibdir. Müasir texnologiyanın tələblərindən kənarda qalmaq olmaz.


İnsanın texnologiyadan qorxusu həmişə olub. Sənaye inqilabı baş verəndə də deyirdilər ki, təbiət tamamilə sıradan çıxacaq, insanın təbiət ilə ünsiyyəti bitəcək. Amma zaman göstərir ki, bu şeylərdən qorxmaq lazım deyil. İnsan yenə də öz mövcudluğunu sürdürəcək.
Məncə, narahatlıq üçün hansısa əsas yoxdur. Problemlər təbii ki, var. Insanı heç nə əvəz etmir. Ancaq texnologiyanın inkişafını, insan zəkasını durdurmaq mümkün deyil.

Yazıçı, jurnalist, millət vəkili Aqil Abbas:


- Süni İntellelktin elmi tərəfinə qarışa bilmərəm. Ancaq süni adam yaradılmasına münasibətim pisdir. Bu, gələcəkdə böyük müharibələrin başlanğıcıdır. O müharibələrdə robotlar döyüşəcək və insanları qıracaqlar. İdarəetməni itirə bilərik. Süni adam düzəltmək Allahın işinə qarışmaqdır. Allahla Allahlıq etməkdir. Ancaq bu tərəfini də qəbul edək ki, həyatımızda robotlara ehtiyac var. Düzdür, onların mövcudluğu əhalinin işsiz qalmasına səbəb olacaq. Bu da reallıqdır ki, maşındüzəltmədə, texnikada robotlar daha sərrast işləyirlər.

Yazıçı Baba Vəziroğlu:

- Süni İntellekt zəmanənin tələbinə çevrilib. Geri qalmaq, naxırın içində ala dana kimi görünmək olmaz. Palaza bürün, el ilə sürün. Bir də müsəlmanın bir təsəllisi var ki, "Allahdan gələn bəladır da". Bunu gərək qəbul edək.


Bu labüd prosesdir. Qorxmaq lazım deyil. Hadisələr, təfəkkür inkişaf edir. Yaponiyada robotlar həkim kimi müayinə edir və yaxud şeir yazır, onu mahnıya çevirir. Bu başqa mövzudur ki, Tanrı insanı mükəmməl yaradıb. Robotları isə insan yaradır. Əlbəttə, fərq var. İnsanın yaratdığı tanrının yaratdığı ilə müqayisə oluna bilməz. Bu mənada insanı əvəz etmək mümkün deyil. O, haçansa kamil şəkildə özünü yaradacaqsa, mənə elə gəlir ki, o zaman dünyanın sonu olacaq. Bəxtiyar Vahabzadə bir şeirində deyir: "Qorxuram insanlar qala, insanlıq itə". Qorxulu olan insanın robot yaratması deyil, insanların robotlaşmasıdır".

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

- Süni İntellektlə maraqlanıram. Türkiyədəki son seçkilərlə bağlı hətta süni intellekt ilə müsahibəmiz olub. Çox dolğun informasiya verdi. Süni İntellekt çox böyük baza və datalara əsaslanaraq informasiyalar toplayır. Dünyada bu sahədə çox böyük irəliləyiş baş verir.


Ancaq onu da deyim ki, Süni İntellekt insan zəkasını, fikrini, fantaziyasını əvəz edə bilməz. Dünyada belə fikirlər dolaşır ki, robotların sayəsində insanlar işsiz qala bilər. Mən inanmıram ki, bu, hansısa işsizliyə gətirib çıxarsın. Süni İntellektin inkişafının qarşısını almaq və ya saxlamaq qeyri-mümkündür. Bu prosesi qəbul etmək lazımır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Süniintellekt  



Xəbər lenti