İlk olaraq biçin prosesi və əldə olunan məhsuldarlıq barədə hər iki tərəf fikirlərini söyləyib. Elmin Rəhmanov bildirib ki, respublika üzrə bu il taxıl biçini prosesinə 1900-a yaxın taxılbiçən kombayn cəlb olunub və bunlardan 685-i “Aqroservis” ASC-nin balansındadır. Ölkəmizdə isə 25 ədəd bu kombayndan biçinə cəlb edilib. “Cəmiyyət yalnız balansda olan kombaynların qiymətinə nəzarət edir. Biz həmçinin taxıl biçini ilə bağlı Çağrı Mərkəzinə gələn zəngləri diqqətlə təhlil edirik. Vətəndaş müraciətlərinə dərhal geri dönüş edilir. Müraciətlərin əksəriyyəti 3 gün müddətinə icra edilir".
E.Rəhmanov bildirib ki, kombaynlar taxıl sahələrin yetişmə vəziyyətinə görə aran və dağlıq ərazilərə mərhələli şəkildə dislokasiya edilir: "Taxıl biçini əsasən 40-45 gün davam edir. Biçin ilk başladıqda kombaynlar aran rayonlarında, daha sonra dağətəyi və dağlıq rayonlara dislokasiya edilir. Dislokasiyaya GPS naviqasiya vasitəsi ilə nəzarət edilir. "Aqroservis" ASC-ə məxsus kombaynlar sahənin hər hektarını 50 manata biçir, bütün Cəmiyyətə məxsus kombaynların üzərində bu barədə qeyd var. Lakin özəl kombaynların biçin qiyməti fərqli ola bilər".
Bu kombaynların üstünlüyü 100 faizli məhsulun biçilib anbara toplanmasıdır, yəni taxıl itkisi sıfırdır. Lakin əvvəl dağlıq rayonlarda əsasən "Niva" markalı kombaynlar istifadə olunur ki, onunla itki faizi təxminən 15-20 olur.
Yeni kombaynların əsas üstünlüyü yamacda 38, hündürlükdə isə 32 dərəcə bucaq altında dayanıqlılığa malik olması, eyni zamanda, sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsidir. Bundan başqa, kombaynın 6 min litr həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərin təmiz və bol məhsul yığmasına kömək edir.
Bir sözlə əkilməsi və biçilməsi çətin olan relyefli taxıl sahələrinə sahib fermerler rahatlıq tapıb. Fermerlər bu cəhətdən razıdır, amma toxum sarıdan elə də razı deyildilər. Lakin bu məsələnin həlli üçün də yerində göstərişlər verildi. Artıq Osnağaküçə kəndində səyyar satış həyata keçiriləcək ki, fermerlər istədikləri toxumu alsınlar. Lakin onlara bildirdildi ki, yaxşı məhsul almaq istəyirlərsə, sertifikatlı toxum əkməlidirlər.
Bizimlə həmsöhbət olan kənd sakini Məhəbbət Əliyevin 1, 22 hektar sahəsi var. Bu il 92 sotda taxıl əkib. O, məhsuldarlığın aşağı olmasından şikayətçidir. Bunu isə toxumun yaxşı olmaması ilə əlaqələndirir: "Toxum relyefə uyğun verilməlidir. Biz toxumu özəl şirkətlərdən kilosunu 1 manata alırıq. Əvvəllər yerli toxum əkirdik, onun keyfiyyəti yaxşı olduğu üçün məhsuldarlıq yüksək olurdu. Hazırda 1 hektara görə 12-18 sentner məhsuldarlıq var. Yaxşı toxum və məhsuldarlıq olsaydı, o zaman 1 hektara 22 sentner götürərdik". Fermerin şikayətinə cavab verən "Aqroservis" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Cəlili bildirib ki, bu gün bəzi məsələlərdə maariflənməyə ehtiyac var. “Məhəbbət dayının dediyi problem də bundan irəli gəlir. Fermerlər toxumu müstəqil qaydada seçirlər. Eyni zamanda onların keyfiyyətini yoxlamaq üçün müvafiq qurumlara müraciət imkanı var. Məsələn, əkinçilik institutları relyefə uyğun toxum tövsiyə edə bilərlər. Bazarda toxumçular çoxdur. Gərək bu torpaq üçün lazımi olan keyfiyyətli toxumu seçəsən ki məhsuldarlıq da yüksək olsun”.
Jurnalistlərlə söhbət zamanı Elmin Rəhmanov gübrə satışı məsələlərinə toxunub. Onun sözlərinə görə, 2020-ci ildə ilk dəfə səyyar satışa başlanılıb. Buna qədər isə fermerlər "Aqroservis" ASC-nin anbarlarında növbəyə dururdular.
“Onların 70%-i xırda fermer olduğu üçün uzaq məsafədən gübrə almaqda maraqlı deyildi. Elə fermerlər var ki, sahələri kiçik olduğu üçün 1, yaxud 2 kisə gübrə üçün loqistika xərcini çəkib onu almaqda maraqlı olmurdular. Hətta gübrə istifadə olunmayan kəndlər var idi. Hədəfimiz bütün kəndlərdə gübrədən istifadəni təşviq etmək idi. Hədəfimizə çatdıq. Kəndlərdə səyyar satış nəticəsində gübrə satan şirkətlər satış nöqtələrini artırdı. Liberallaşma nəticəsində bazarda 150-dən gübrə satan fiziki və hüquqi şəxslər yarandı. Hazırda səyyar satışa o qədər ehtiyac yoxdurş Demək olar ki, hər böyük kənddə satış nöqtəsi var. Bazarda şirkət çox olduğu üçün rəqabət var".
Jurnalistlərin suallarını cavablandırdıqdan sonra sədrin də iştirakı ilə taxıl sahəsində yeni kombaynla biçin prosesi izlənildi. Məlumat verildi ki, Osnağaküçə kəndi də daxil olmaqla bütün Lerikdə biçin iyulun sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Mənası “dəmirçilər məhəlləsi” olan bu kəndin fermerlərinin çəkdikləri əziyyətin bəhrəsini artıqlaması ilə alacaqlarına ümid edirik.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


